Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə yeni ittiham elan olunması barədə xəbər vermişdik.
Xatırladaq ki, həmin xəbərdə Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 311-ci – rüşvət alma maddəsi ilə yeni ittiham irəli sürülməsindən bəhs olunub.
Gununsesi.info-nun əldə etdiyi daha bir özəl məlumatda qeyd olunur ki, Ramiz Mehdiyev vəzifə səlahiyyətlərindən istifadə edərək, ayrı-ayrı şəxslərdən ümumilikdə 70 milyon manat rüşvət alıb.
İstintaqın davam etməsini nəzərə alsaq, sabiq PA rəhbərinin topladığı rüşvətin məbləğinin artacağı da gözlənilir.
Ramiz Mehdiyevə rüşvət verən şəxslərin kimliyinə gəlincə, , onlar arasında dövlət vəzifəsini tutan və sahibkarlar var.
Xatırladaq ki, sabiq PA rəhbəri barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə daha əvvəl Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – dövlət hakimiyyətini ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü maddəsi – dövlətə xəyanət və 193-1.3.2-ci maddəsi – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham irəli sürülüb.
Bu ittihamlar üzrə Səbail Rayon Məhkəməsinin qərarı ilə Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. İlkin olaraq 4 ay müddətinə müəyyən edilən ev dustaqlığının müddəti sonradan məhkəmə qərarları ilə uzadılıb.
Sonuncu məlumata görə, 2026-cı ilin iyununda Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətini daha 5 ay uzadıb.








