Xəbər verildiyi kimi, Ermənistan ordusunda mühüm kadr dəyişikliyi həyata keçirilib. Yeni təyin edilmiş korpus komandiri Samvel Qriqoryanın uzun illər Azərbaycanın vaxtilə işğal altında olmuş Qarabağ ərazilərindəki separatçı hərbi strukturlarda xidmət etdiyi, 2016 və 2020-ci illərdə Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında iştirak etdiyi üzə çıxıb.
Bildirilir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın təklifi əsasında prezident Vaaqn Xaçaturyan Samvel Qriqoryanın Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri təyin edilməsi haqqında fərman imzalayıb. Təyinatı Ermənistanın müdafiə naziri Suren Papikyan da açıqlayıb. Prezidentin fərmanında təyinatın Paşinyanın təqdimatı əsasında həyata keçirildiyi vurğulanır. Samvel Qriqoryanın hərbi keçmişinin araşdırılması onun Qarabağdakı separatçı hərbi strukturlarla uzunmüddətli əlaqəsini ortaya çıxarır. Söhbət polkovnik Samvel Slavikoviç Qriqoryandan gedir.
Bəs rəsmi Bakı belə təyinatlara xüsusi diqqət yetirməlidirmi? Bu, iki ölkə arasındakı sülh gündəliyi ilə nə dərəcədə uzlaşır?
Polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Azərbaycana qarşı döyüşlərə iştirak etmiş komandirlərin orduda yüksək vəzifələrə gətirilməsi bir tərəfdən Ermənistanın daxili işidirsə, o biri tərəfdən suallar yaradır: “Bilirsiniz ki, Paşinyan müharibədəki məğlubiyyətdən sonra orduda xeyli sayda vəzifəli şəxsləri, Müdafiə Nazirliyinin rəhbərliyində olanları, əsasən də “Qarabağ klanı”na aid şəxsləri ordu sıralarından təxris etdi. Təxris edilənlərin yerləri tədricən başqaları ilə əvəz edildi və bu gün həmin proses davam edir. Ancaq erməni ordusunun komplekləşdirmə problemini, təcrübəli zabitlər çatışmazlığı yaşadığını da qeyd etmək lazımdır. Bu vəziyyət də təyinatlar məsələsinə təsirini göstərir”.
Polkovnik deyib ki, əgər barəsində Azərbaycanda cinayət işi açılmış erməni zabitləri orduda vəzifələrə gətirilirsə, Azərbaycanın etiraz bildirmək haqqı çatır: “Konkret olaraq, Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun komandiri təyin edilən Samvel Qriqoryana Azərbaycanda cinayət işi açılması haqda dəqiq məlumatım yoxdur. Ermənistan rəhbərliyi bu hüquqi və həssas məsələni nəzərə almalı, sülhə kölgə addımlardan çəkinməlidir”.
Musavat.com








