“Yapı Kredi Bank Azərbaycan” QSC-nin Müşahidə Şurasına (MŞ) Mehmet Erkan Akbulut yeni üzv seçilib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.
Bununla da, Müşahidə Şurasının sədri ilə bərabər üç üzvü və iki müstəqil üzvi olacaqdır.
Mehmet Erkan Akbulut 1989-cu ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsinin İdarəetmə bölməsindən məzun olub. O, əmək fəaliyyətinə 1990-cı ildə “Yapı Kredi Türkiyə”də auditor köməkçisi kimi başlayıb. Müfəttişlik fəaliyyətindən sonra bankın Kreditlərin idarə edilməsi bölmə rəhbəri, Korporativ Bankçılıq Kredit Dəstək üzrə Direktor vəzifələrində çalışıb.
Akbulut 2009-2013-cü illərdə “Yapı Kredi Bank Azərbaycan”da Kredit və Risklərin İdarəedilməsi üzrə Baş Direktor müavini vəzifəsində fəaliyyət göstərib. “Yapı Kredi Türkiyə”yə qayıtdıqdan sonra 2013-2018-ci illərdə Korporativ və Kommersiya Kreditlərinin Monitorinqi və Ləğvi üzrə Direktor və Korporativ və Kommersiya Kreditlərinin Monitorinqi və Ləğvi üzrə Qrup Direktoru vəzifələrində çalışıb.
2018-2020-ci illərdə Korporativ və Kommersiya Kreditlərinin Anderraytinqi üzrə Qrup Direktoru, 2020-ci ilin avqustundan 2021-ci ilin avqustuna qədər isə Yığım və Ləğvetmə üzrə İdarəetmə Direktoru olub.
Mehmet Erkan Akbulut 2021-2024-cü illərdə “Yapı Kredi Türkiyə”də Kreditlər üzrə baş direktor müavini vəzifəsini tutub. 2024-cü ilin iyulundan etibarən isə Korporativ Bankçılıq üzrə Baş Direktorun müavini vəzifəsinə təyin edilib.
Onun “Yapı Kredi Türkiyə”də 2021-ci ildən başlayan İdarə Heyətinin üzvü vəzifəsi də davam etməkdədir. Akbulut, həmçinin “Yapı Kredi Faktoring”, “Yapı Kredi Leasing” və “Yapı Kredi Almaniya” -da Müşahidə Şurasının üzvüdür.








