Qala Sığorta” ASC-nin bu ilin birinci yarısına olan maliyyə vəziyyəti məlum olub.
"DİA-AZ" xəbər verir ki, qeyd olunan dövrdə şirkətin gəlirləri azalıb, xalis mənfəəti iki qat enib, şirkətin kiçilməsi davam edib.
Beləliklə, bu ilin ilk yarısında şirkətin cəmi gəlirləri 37 milyon 828 min manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 milyon 39 min manat və ya 19,3% azalma deməkdir. Xatırladaq ki, 2025-ci ilin birinci yarısında şirkətin gəlirləri 46 milyon 867 min manat idi.
Şirkətin gəlirlərinin 84,2%-ni və ya 31 milyon 834 min manatını əsas əməliyyat gəlirləri tutub. Bu gəlirlər də illik müqayisədə 18 milyon 383 min manat (36,6%) daha azdır. İnvestisiya gəlirləri 424,2 min manat (84,5%) azalaraq 2,3 milyon manata, digər gəlirləri 2,9 milyon manat (13 dəfə) azalaraq 238 min manata düşüb. Xalis sığorta ehtiyatlarının dəyişməsi şirkətə 3 milyon 453 min manat (12,6 milyon manat / 3,7 dəfə çox) qazandırıb.
Gəlirləri azalan şirkətin əsas əməliyyat xərcləri istisna olmaqla digər xərclərində artım olub. Belə ki, şirkətin cəmi xərcləri 33 milyon 405 min manat təşkil edib, bu, illik 5 milyon 12 min manat (13%) azalma deməkdir. Xərclərin böyük hissəsini təşkil edən əsas əməliyyat xərcləri 5 milyon 893 min manat (21,3%) azalaraq 21 milyon 724 min manata düşüb. Bundan başqa, işlərin aparılması xərcləri 200 min manat (1,9%) artaraq 10 milyon 993 min manata, digər xərcləri 681 min manat və ya 98 dəfə artaraq 688 min manata çatıb.
Hesabat dövründə şirkətin vergidən əvvəlki mənfəəti 4 milyon 423 min manat, mənfəət vergisi xərci 884,6 min manat olub.
Yekunda “Qala Sığorta” ASC ilin birinci yarısında 3 milyon 538 min manat xalis mənfəət əldə edib. Ötən ilin birinci yarısında şirkət 6 milyon 760 min manat xalis mənfəət əldə etmişdi. Yəni son bir ildə şirkətin mənfəəti 3 milyon 222 min manat – təxminən 2 dəfə azalıb.
2026-cı ilin ilk yarısının sonunda sığorta şirkətinin cəmi aktivləri 89 milyon 671 min manat olub. Bu, ötən ilin iyun ayının sonu ilə müqayisədə 6 milyon 941 min manat daha (92,8%) azdır.
Aktivlərin azalmasının əsas səbəbi investisiya aktivlərinin son bir ildə kəskin 10,3 milyon manatlıq azalması hesabına baş verib. O cümlədən istiqrazlardakı aktivlərin həcmi təxminən iki dəfə azalaraq 66,3 milyon manatdan 37 milyon manata düşüb.
Bundan başqa, sığorta ehtiyatlarında təkrarsığortaçıların payı da 2 milyon manat (14,5%) azalaraq 11,5 milyon manata düşüb.
Pul vəsaitləri və onların ekvivlaentləri 1,2 milyon manat artaraq 5 milyon manata yüksəlib.
Hesabat dövrünün sonunda şirkətin cəmi öhdəlikləri illik müqayisədə 7,6 milyon manat və ya 10,5% az olmaqla, 64 milyon 916 min manat təşkil edib. Öhdəliklərin azalması sığorta ehtiyatlarının azlması ilə bağlı olub. Belə ki, sığorta ehtiyatları 62,3 milyon manatdan 52,3 milyon manata düşərək illik müqayisədə 10 milyon manat azalıb.
Sığorta ehtiyatları azalan şirkətin debitor borcları isə 2,3 milyon manat (26%) artaraq 11 milyon 241 min manata yüksəlib.
Şirkətin öhdəliklərinin aktivləri ilə birgə azalması onu göstərir ki, şirkətin vəziyyəti elə də pis deyil, amma gəlir gətirən investisiya portfeli kiçildiyi üçün növbəti dövrlərdə şirkətin mənfəətinin azalmasının davam etməsi gözlənilir. Yəni şirkət bu kritik vəziyyətdən çıxmaq ümün təcili olaraq yeni sığorta satışları etməli və nağd pul yığmalıdır.
Nəticə olaraq, hesabat dövrününün sonuna “Qala Sığorta” ASC-nin cəmi kapitalı 24 milyon 754 min manat təşkil edib (709,3 min mnat çox). Kapitalın 10 milyon 18 min manatı nizamnamə kapitalının, 14 milyon 736 min manatı bölüşdürülməmiş mənfəətin payına düşüb.









