Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Laguna Group” MMC (VÖEN – 1004604201) olub.
Yeniavaz.com xəbər verir ki, müsabiqənin şərtinə görə, “Laguna Group” MMC Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında xaricdə yaşayan Azərbaycan əsilli din xadimlərinin ölkəmizə səfərini təşkili edəcək və qarşılığında 122 min 180 manat 23 qəpik alacaq.
Məlumat üçün bildirək ki, ümumilikdə 52 nəfər Azərbaycan əsilli din xadiminin ölkəyə səfəri nəzərdə tutulub. Bunların 32 nəfəri Türkiyədən, 10 nəfəri Gürcüstandan, 5 nəfəri Dağıstandan (Rusiya), 5 nəfəri isə İraqdan gələcək.
Qeyd edək ki, “Laguna Group” MMC 15 fevral 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102-də yerləşir. Qanuni təmsilçisi isə Əsgərov Ramil Əsgər oğludur. Dövlət qurumlarının keçirdiyi çoxsaylı tender müsabiqələrinin qalibi olan “Laguna Group” MMC-nin hazırda dövlət büdcəsinə 5 min 272 manat 64 qəpik vergi borcu da var.
Onu da bildirək ki, 26 oktyabr 2011-ci il tarixində Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102 ünvanında daha bir şirkət – “My Vings” MMC (VÖEN – 1002351891) dövlət qeydiyyatına alınıb və bu şirkətin qanuni təmsilçisi Rəfiyev Müzadil İlqar oğludur.
Rəfiyev Müzadil İlqar oğlu xarici işlər nazirinin müavini Rəfiyev Yalçın İlqar oğlunun qardaşıdır. Hazırda xarici işlər nazirinin müavini olan Yalçın Rəfiyev də Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102 ünvanında qeydiyyatda olub.









