Mən problemləri şəxsiləşdirməyin əleyhinə olmuşam. Bu dəfə istisna olsun.
Səidə Bəkirqızının problemlərə şəxsi və isterik münasibəti cəmiyyət tərəfindən heç vaxt birmənalı qarşılanmır. Amma danışır.
Uşaq pulu mövzusunda özünə görə guya Günay Ağamalını müdafiə edirdi, əvəzində isə müzakirələri daha eybəcər səmtə apardı və nəzarətdən çıxardı. İndi də problemi nə yerə qoya bilir, nə apara bilir.
Səidə Bəkirqızı jurnalistdir, ictimai-siyasi xadim deyil, partiya sədri deyil, filosof deyil. Bəs bu jurnalist xanım niyə belə aqressiv çağırışlar edir, ayrı-ayrı sosial və regional qruplara hücum çəkir, hökm verir, racon kəsir?
Jurnalist kimdir və əsas vəzifələri nədir?
Jurnalist hadisə, fakt və məlumatları toplayan, yoxlayan və ictimaiyyətə çatdıran peşə sahibidir. Əsas vəzifəsi informasiyanı obyektiv, qərəzsiz və tərəfsiz şəkildə təqdim etməkdir.
Günay Ağamalıdan müsahibə alan jurnalisti tanımıram, amma o xanım peşə etikasına uyğun deputat Günay Ağamalıdan müsahibə aldı, uşaq puluna münasibətini öyrəndi, cəmiyyətə deputatın mövqeyini çatdırdı , ictimai müzakirələr acıldı və cəmiyyətin ayrı-ayrı kəsimləri də bu mövqeyə öz kəskin etirazını bildirdi. Jurnalist peşəkarlığı və işi budur.
Səidə Bəkirqızı nə edir , nə etmək istəyir və ya nə deyir? "Kişi də uşaq pulu istəyər?", "Bilirsiniz uşaq pulu verilmir, dünyaya uşaq gətirməyin", "Mənim atam, qardaşım, ərim heç vaxt uşaq pulu istəməyib və ya onlardan heç vaxt belə söz eşitməmişəm".
Əvvəla, kişi nə istəyər, qadın nə istəyər? Bu, Səidə Bəkirqızının hökm verəcəyi mövzu deyil. Evin yükünü kişi daşıyar. "Ehtiyac qul edər qəhrəmanı da". Uşağını böyütməyə çətinlik çəkən, ehtiyac içində boğulan, dövlət üçün gələcək əsgər və vergi ödəyicisi yetişdirən bir atanın dövlətdən uşaq pulu istəməsində hansı qəbahət var? Ehtiyaclı insanları təhqir etmək, "kişi də uşaq pulu istəyər?", "fahişə qadından betərsiniz" demək ictimai əxlaqsızlıqdır demirəm, amma ayıbdır.
Səidə Bəkirqızı deyir ki, "mənim atam, qardaşım, həyat yoldaşım heç vaxt uşaq pulu istəməyib". Ola bilər istəməyib, bəlkə də çoxlarının da buna ehtiyacı yoxdur. Amma sənin atanın, qardaşının, ərinin nə istəyib-istəməməsi cəmiyyət üçün niyə etalon olmalıdır? Kimdir onlar? Bəşəriyyətin düşüncə tarixinə yön verən Konfutsi, Farabi, Sokrat, Aristotel, Leonardo da Vinçi, Eynşteyn, Nyuton, yoxsa Nikola Tesladır?
Fəlsəfə deyir ki, bütün müqayisələr qüsurludur. Toxun acdan xəbəri olmaz. Amma olması lazımdır. Hind filosofu Taqor bir essesində deyir: "Sabahın açılması ilə bir damla şehini itirən çiçək kədərdən elə ah çəkdi ki, səhərin açılması ilə bütün ulduzlarını itirmiş səma lal oldu". Bütün ulduzlarını itirmiş səma şehini itirmiş cicəyi söymədi, aşağılamdı , kişidə bir damla şehə görə ağlayar söyləmədi. Öz dərdini dilə gətirməyə utanıb , lal oldu .
Bu ölkənin kişisi uşaq pulu istəyirsə, heç kimin dədəsinin kisəsindən pay istəmir. Dövlət Babadan öz uşaqlarının haqqını istəyir. O haqqı istəyir ki, neçə illərdir onu saqqallı uşaqlar – vəzifəli məmurlar oğurlayıb yeyirlər.
Uşaq pulu dünyanın əksər və inkişaf eləmiş dövlətlərində hər hansı formada verilir. Vaxtilə bizdə də verilirdi.
Uşaq pulu dövlətin öz gələcəyinə etdiyi yatırımdır. Sağlam, ehtiyacları qarşılanan, ləyaqətlə böyüyən hər bir uşaq dövlətin sarsılmaz sütunudur. Və bu müzakirələrin bu qədər böyük rezonans verməsi göstərdi ki, uşaq pulu sosial sifarişdir.
Vətəndaş olmasa, dövlət olmaz.
Şeyx Ədəbali 13-cü əsrdə Osman Qaziyə deyirdi: "İnsanı yaşat ki, dövlət yaşasın!"
Müəllif: Şahin Nəcəfov - "DİA-AZ"








