“Sistem” layihəsinin araşdırmasına görə, Rusiya Prezidenti Vladimir Putinlə məşhur gimnast Alina Kabayevanın övladları xarici mütəxəssislər, o cümlədən almaniyalı dayələr tərəfindən böyüdülüb.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, söhbət 2015-ci il təvəllüdlü İvan və 2019-cu il təvəllüdlü Vladimir adlı iki oğlandan gedir.
Araşdırmada qeyd olunur ki, rəsmi sənədlərdə Putin və Kabayeva məxfilik naminə “ailə” və “valideynlər” kimi ümumi ifadələrlə göstərilib.
Bildirilir ki, 2017-ci ildən etibarən həmin ailə üçün təxminən 20-yə yaxın dayə çalışıb və onların arasında ən azı beş nəfər Almaniya vətəndaşı olub. Daxildə personalın bir hissəsini sadəcə “almanlar” deyə qeyd ediblər.
İddialara görə, dayələrdən biri İvana gəzinti, balıqçılıq və giləmeyvə yığımı zamanı alman sözləri öyrədib. Hətta 2019-cu ildə uşağın Milad bayramında rus dilində deyil, alman dilində mahnı oxuduğu bildirilir.
Məlumata görə, iş yüksək maaşlı olsa da, ciddi nəzarət altında həyata keçirilib: dayələr aylıq təxminən 8000 dollar maaş alıb, tibbi müayinələrdən keçib, gündəlik hesabatlar yazıb, iş zamanı telefon istifadə etməyib və sosial şəbəkələrdə heç nə paylaşmayıb.









