Məlum olduğu kimi, dünən Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə müvəqqəti rəis təyin olunub.
"DİA-AZ" bildirir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsinin rəisi vəzifəsinə müvəqqəti təyinat həyata keçirilib.
Məlumata görə, sözügedən vəzifə müvəqqəti olaraq Əhəd Abdiyevə həvalə olunub. Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov tərəfindən müvafiq əmr imzalanıb.
Qeyd edək ki, Əhəd Abdiyev bundan əvvəl Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında rəis müavini vəzifəsində çalışıb.
Penitensiar Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsi məhkumlar arasında “Tubzon” adı ilə tanınır. Uzun illərdir müəssisədə idarəetmə və məhkumların müalicəsi ilə bağlı müxtəlif problemlərin olduğu barədə iddialar səsləndirilir.
Keçmiş məhkumların və yaxınlarının səsləndirdiyi iddialarda müəssisədə bəzi xidmətlərin qeyri-rəsmi ödənişlər müqabilində həyata keçirildiyi, maddi imkanı olmayan şəxslərin müalicə ilə bağlı çətinlik yaşadığı bildirilir. Həmçinin xəstə olmayan bəzi şəxslərin uzun müddət müəssisədə saxlanıldığı barədə də fikirlər yer alır. Lakin bu iddialarla bağlı rəsmi qurumların mövqeyi açıqlanmayıb.
Diqqət çəkən məqamlardan biri isə müəssisəyə yenidən müvəqqəti rəhbər təyin edilməsidir. Bu hal penitensiar sistemdə sözügedən müəssisə ilə bağlı problemlərin tam həll olunmaması barədə müzakirələri dayandırmır.
"DİA-AZ"ın əldə etdiyi məlumata görə, əslində Fərid Əhmədovun penitensiar sistemdə ən gəlirli ünvan və eyni zamanda penitensiar xidmətin rəisi üçün əsas qazanc yeri olan Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə müvəqqəti də olsa rəhbər təyinatı daha böyük dəyişiklik anonsu kimi də qəbul oluna bilər. Söhbət təbii ki Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun görəvdən alınmasından gedir.
Xatırladaq ki, buna qədər də nazir xidmət rəisini dəyişməyə cəhd etsə də, alınmamışdı. Bu dəfə isə ciddi addım atılır. Mirsaleh Seyidovun əsas ÇÖRƏK YERİ nəzarətə götürülür. Daha ciddi və samballı addımlar isə irəlidədir...








