“ATƏT-in Minsk qrupu ilə bağlı reallıqları bu gün daha açıq və obyektiv şəkildə qiymətləndirmək mümkündür. Çünki artıq məsələ tarixə çevrilib və nəticə ortadadır”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev deyib.
O bildirib ki, ATƏT-in Minsk qrupu yarandığı gündən etibarən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mandat alsa da, 30 ilə yaxın müddətdə bu missiyanı yerinə yetirmək əvəzinə faktiki olaraq status-kvonun qorunmasına xidmət etdi:
“Bu status-kvo isə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal altında qalması demək idi. Yəni Minsk qrupunun fəaliyyəti nəticə etibarilə işğalın uzadılmasına, dolayısı ilə onun “leqallaşdırılması”na xidmət edən yarıtmaz və uğursuz bir mexanizm kimi yadda qaldı.
Həmsədr ölkələr – ABŞ, Rusiya və Fransa – təsadüfi seçilməmişdi. Bu üç ölkə eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir və nüvə dövlətləridir. Onları birləşdirən əsas amil qlobal təsir imkanlarını qorumaq, geosiyasi balansı öz maraqları çərçivəsində idarə etməkdir.
Bu baxımdan, Qarabağ münaqişəsi də uzun illər bu böyük güclərin rəqabət və əməkdaşlıq platformalarından birinə çevrilmişdi. Onların ortaq marağı problemin tam həlli yox, idarəolunan vəziyyətdə saxlanılması idi. Ən ciddi problemlərdən biri də məhz bu ölkələrin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə selektiv yanaşması oldu.
Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən və işğalçı qüvvələrin çıxarılmasını tələb edən qətnamələr kağız üzərində qaldı. Həmin dövlətlər bu qərarların qarantı olmaq əvəzinə, siyasi maraqlarına uyğun olaraq ya passiv mövqe tutdular, ya da icranı faktiki olaraq mümkünsüz vəziyyətə gətirdilər. Bu isə beynəlxalq hüququn nüfuzuna ciddi zərbə vurdu”.
Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi, siyasətçilər, bütövlükdə xalq bu həqiqətləri illər boyu açıq şəkildə səsləndirdi, Minsk qrupunun fəaliyyətsizliyini, həmsədrlərin ikili standartlara əsaslanan yanaşmasını sərt şəkildə tənqid etdi:
“44 günlük Vətən müharibəsindən sonra isə yaranmış yeni reallıq bu tənqidlərin tam əsaslı olduğunu sübut etdi. Azərbaycan öz gücü ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi və bununla da Minsk qrupunun faktiki olaraq iflasını rəsmiləşdirdi. Hətta müharibədən sonra həmsədrlərin Azərbaycana səfərləri zamanı onlara açıq şəkildə bildirildi ki, artıq bu formata ehtiyac yoxdur.
30 il ərzində Minsk qrupunun fəaliyyəti çox vaxt formal səfərlər, nəticəsiz görüşlər və “proses xatirinə proses” görüntüsü yaratmaqdan ibarət oldu. Həmsədrlər regiona sanki qastralyor kimi gəlib-getdilər, real nəticə isə olmadı.
Qrupun xüsusi nümayəndəsi Anji Kasprşik də uzun illər bu prosesi faktiki olaraq rutin bir fəaliyyətə çevirmişdi. Bu illər ərzində bölgədə baş verən qanunsuz məskunlaşmalar, dağıdılan şəhər və kəndlər, talan edilən sərvətlər, məhv edilən mədəni irs qarşısında ciddi reaksiya verilmədi.
Daha da narahatedici məqam ondan ibarət idi ki, həmsədrlər uzun müddət “bu münaqişənin hərbi həlli yoxdur” tezisini irəli sürərək Azərbaycanı faktiki olaraq təslimçi kompromisə məcbur etməyə çalışırdılar. Hətta reallıqdan uzaq terminlər – “Şimali Qarabağ” kimi anlayışlar ortaya atılırdı ki, bu da Azərbaycanın suverenliyinə açıq hörmətsizlik idi.
Lakin tarix göstərdi ki, bu yanaşma yanlışdır. Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü bərpa etdi və bununla da həm beynəlxalq hüququn aliliyini təmin etdi, həm də Minsk qrupunu siyasi və diplomatik baxımdan tam iflasa uğratdı. Bu gün artıq həmin qurum faktiki olaraq tarixə qovuşub".
Deputat qeyd edib ki, bütün bunların fonunda Ermənistanın keçmiş prezidenti Robert Köçəryan tərəfindən Minsk qrupu ilə bağlı səsləndirilən fikirlər də diqqət çəkir:
"Görünür, bəzi dairələr hələ də bu mexanizmi diriltmək arzusundadır. Amma reallıq ondan ibarətdir ki, artıq bu mümkün deyil. Çünki həm bölgədə yeni geosiyasi vəziyyət formalaşıb, həm də Azərbaycan məsələnin həllini özü təmin edib.
Nəticə etibarilə, ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz bir model kimi qalacaq. Bu qurum riyakarlığın, ikili standartların, məsuliyyətdən yayınmanın və müəyyən mənada müstəmləkə təfəkkürünün nümunəsi kimi xatırlanacaq. Azərbaycan isə əksinə, beynəlxalq hüququn selektiv tətbiq olunduğu bir şəraitdə öz gücü ilə ədaləti bərpa edən ölkə kimi tarix yazdı”.








