Xaricdə daimi yaşayan Ermənistan vətəndaşları parlament seçkilərində yalnız ölkə ərazisində olduqları halda səs verə biləcəklər.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Seda Qukasyan TASS-a açıqlamasında bildirib.
İlkin mənbəyə görə, Ermənistanın Seçki Məcəlləsinə 2012-ci ildə edilən dəyişikliklərdən sonra xaricdə yaşayan ölkə vətəndaşlarının seçki prosesində iştirakı məhdudlaşdırılıb.
“Ermənistanın xaricdəki diplomatik nümayəndəliklərində seçki məntəqələri açılmır. Ermənistan vətəndaşı yalnız ölkə ərazisində fiziki olaraq iştirak etdiyi halda səs verə bilər”, - Qukasyan deyib.
MSK rəsmisi qeyd edib ki, diplomatik və konsulluq nümayəndəliklərində xidmət edən şəxslər, xaricdə uzunmüddətli ezamiyyətdə və ya təhsil alan hərbçilər, eləcə də onların ailə üzvləri istisna təşkil edir.
Məlumata əsasən, həmin şəxslər mayın 29-u saat 08:00-dan mayın 31-i saat 20:00-dək elektron səsvermədə iştirak edə biləcəklər.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə iştirak üçün MSK-ya 19 siyasi qüvvə müraciət edib. Onlardan 17-si partiya, ikisi isə siyasi blokdur.
Seçkilərdə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası, sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku və Narek Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku iştirak edəcək.










