Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ mövzusu ilə bağlı növbəti dəfə diqqətçəkən və erməni cəmiyyətində rezonans doğuran açıqlama verib.
Sosial şəbəkələrdə yayılan və seçki kampaniyası çərçivəsində etdiyi çıxışında Paşinyan Qarabağla bağlı illərlə formalaşdırılmış erməni siyasi miflərini açıq şəkildə sorğulayıb.
Ermənistan baş naziri bildirib ki, uzun illər “torpaqları itirdik” deyə danışılır, amma həmin ərazilərin əslində necə “ermənilərə məxsus” olduğunu heç kimin izah edə bilmədiyini vurğulayıb.
Paşinyan çıxışında belə deyib:
“Deyirlər ki, torpaqları itirdik. Amma həmin torpaqlar necə bizim idi? Necə bizim idi? Xahiş edirəm izah edin: necə bizim idi?”
O bildirib ki, Qarabağ faktiki olaraq müəyyən generalların nəzarətində olub və orada əsasən şəxsi maraqlar hökm sürüb:
“Mən həlak olanların arxasınca danışmaq istəmirəm, amma deyək ki, həmin ərazilər bir neçə generalın nəzarəti altında idi. Məsələn, orada buğda əkirdilər. Bəs bunun harası bizim idi?”
Paşinyan daha sonra Qarabağda real həyat və dövlət quruculuğu olmadığını vurğulayıb:
“Biz orada məktəb tikmişdikmi? Uşaq bağçası tikmişdikmi? Zavod qurmuşduqmu? Orada yaşayırdıqmı? Məskunlaşma yaratmışdıqmı?… Bəs necə bizim idi? Həmin torpaqlar bizim deyildi. Bizim deyildi".
Ermənistan baş nazirinin bu açıqlamaları ölkə daxilində revanşist dairələrin və keçmiş hakimiyyət nümayəndələrinin illərlə apardığı siyasətə ağır ittiham kimi qiymətləndirilir.
Paşinyan faktiki olaraq Qarabağ məsələsində Ermənistan cəmiyyətinə uzun illər yanlış təsəvvürlər təqdim edildiyini etiraf edir və keçmiş hakimiyyətləri bölgəni real inkişaf etdirmək əvəzinə şəxsi və siyasi maraqlar üçün istifadə etməkdə günahlandırır.
Qeyd edək ki, Paşinyanın Qarabağla bağlı son dövrlərdə verdiyi açıqlamalar Ermənistanda ciddi daxili siyasi mübahisələrə səbəb olur. Xüsusilə Robert Köçəryan və Serj Sarkisyan komandası Paşinyanı “təslimçilikdə” ittiham etsə də, baş nazir son çıxışlarında keçmiş hakimiyyətlərin Qarabağ siyasətini sərt şəkildə tənqid etməyə davam edir.
Musavat.com









