Hörmüz boğazında Honkonqda qeydiyyatdan keçmiş və ya Honkonq şirkətlərinin idarə etdiyi təxminən 100 gəmi bloklanıb.
Teleqraf xəbər verir ki, bu barədə Hong Kong Shipowners Association rəhbəri Riçard Hekst məlumat verib.
Gəmilərin göyərtəsində ümumilikdə 2,3 minə yaxın dənizçi var.
Məlumata görə, bölgədə gərginliyin artması səbəbindən gəmilərin boğazdan çıxarılması böyük risk hesab olunur. Hekst bildirib ki, Hörmüz boğazında bloklanmış gəmini çıxarmağa çalışmaq təhlükəlidir, çünki ona atəş açılması ehtimalı var.
Onun sözlərinə görə, hazırda əsas prioritet ekipaj üzvlərinin ərzaq, içməli su və psixoloji dəstəklə təmin edilməsidir.
Assosiasiya rəhbəri qeyd edib ki, dənizçilər ABŞ və İran arasında mümkün hücumlarla bağlı xəbərlər fonunda ciddi psixoloji təzyiq yaşayırlar.
Çin isə Hörmüz boğazında gəmiçiliyin maneəsiz bərpasına çağırış edib.









