Neftin dünya bazarında qiymətinin artması enerji ixrac edən ölkələrin iqtisadiyyatına birbaşa təsir göstərir.
Azərbaycanın əsas ixrac məhsulunun neft olması isə bu prosesin ölkə iqtisadiyyatında daha qabarıq hiss olunmasına səbəb olur.
Neftin bahalaşması dövlət büdcəsinə əlavə gəlirlər qazandırsa da, eyni zamanda iqtisadiyyatın enerji sektorundan asılılığını daha da artırmaq riski yaradır.
Bu baxımdan, yaranan əlavə maliyyə imkanlarının hansı istiqamətlərə yönəldilməsi məsələsi xüsusi əhəmiyyət daşıyır.
Ekspertlər hesab edirlər ki, neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına, yeni istehsal sahələrinin yaradılmasına və insan kapitalına yatırılması uzunmüddətli iqtisadi dayanıqlığın əsas şərtlərindən biridir.
Maraqlıdır, neftin bahalaşması Azərbaycana necə təsir edəcək?
İqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, neftin dünya bazarında bahalaşması Azərbaycan iqtisadiyyatı üçün qısamüddətli dövrdə müsbət təsir yaradır:
“Çünki ölkənin ixrac gəlirlərinin və dövlət büdcəsinin mühüm hissəsi neft-qaz sektorundan formalaşır. Neftin qiyməti yüksəldikdə Dövlət Neft Fonduna daxilolmalar artır, büdcə gəlirləri genişlənir və hökumətin sosial layihələr, maaş və pensiya artımları, infrastruktur proqramları üçün daha çox maliyyə imkanı yaranır. Xarici valyuta axınının artması manatın sabitliyini də gücləndirə bilər.
Ancaq uzunmüddətli baxımdan neftin bahalaşmasının riskləri də var. Əlavə gəlirlər iqtisadiyyatda rahatlıq hissi yaradır və islahatların tempini zəiflədə bilir. İqtisadiyyat yenidən neft gəlirlərindən daha çox asılı vəziyyətə düşür.
Bu isə gələcəkdə neft qiymətləri aşağı düşəndə büdcə problemləri, valyuta təzyiqi və iqtisadi yavaşlama riski yaradır. Bundan başqa, neft pullarının iqtisadiyyata həddindən artıq daxil olması qeyri-neft sektorunun rəqabət qabiliyyətini zəiflədə bilər. Bu vəziyyət iqtisadiyyatda “Holland sindromu” adlandırılır.
Mütəxəssislər hesab edir ki, neftdən gələn əlavə gəlirlər əsasən iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməlidir. Yəni məqsəd neftdən kənar dayanıqlı gəlir mənbələri yaratmaq olmalıdır.
Bunun üçün ilk növbədə təhsil və insan kapitalına investisiya vacibdir. Peşə təhsili, texnologiya, mühəndislik və rəqəmsal bacarıqlar inkişaf etdirilmədən qeyri-neft iqtisadiyyatını gücləndirmək çətin olur.
Kənd təsərrüfatı, emal sənayesi, logistika və turizm də prioritet sahələr sayılır. Azərbaycan coğrafi mövqeyinə görə tranzit və logistika potensialına malikdir. Bu sahələr inkişaf etsə, ölkə yalnız enerji ixracatçısı yox, regional ticarət və xidmət mərkəzinə çevrilə bilər.
Eyni zamanda kiçik və orta sahibkarlığın dəstəklənməsi mühüm əhəmiyyət daşıyır. Neft gəlirləri hesabına sahibkarlar üçün ucuz kreditlər, sənaye zonaları, ixrac təşviqləri və innovasiya fondları yaradılması iqtisadi aktivliyi artıra bilər. İnformasiya texnologiyaları və “yaşıl enerji” sahələri də gələcək üçün strateji istiqamətlər hesab olunur”.
Ekspert qeyd edir ki, neft gəlirlərinin əsas hissəsi cari xərclərə yox, uzunmüddətli inkişaf fondlarına və istehsal yaradan layihələrə yönəldilməlidir:
“Əks halda neft pulları qısa müddətdə sosial rahatlıq yaratsa da, iqtisadiyyat yenə xammal asılılığından çıxa bilmir”.











