Ermənistan baş naziri Nikol Paşinyanın Moskvaya səfəri maraqlı etiraflarla, qarşılıqlı iynəli mesajlarla yadda qaldı.
Etiraflardan biri Paşinyanın yaxasındakı nişanda ifadə olunmuşdu. Bu, Ermənistanın xəritəsini əks etdirən döş nişanı idi. Nikol Paşinyan bu nişanla Ermənistanın artıq Rusiya üçün bir forpost deyil, bərabərhüquqlu tərəfdaş olduğunu bildirmək istədi. Paşinuan bununla etiraf edirdi ki, Rusiyanın maraqları üçün ölkəsinin qonşularla pis münasibətdə olması, Azərbaycana qarşı işğalçı müharibə yanlış olub.
Bu etirafı Nikol Paşinyan əvvəllər də dəfələrlə dilə gətirib. Xəyali Ermənistandan real Ermənistana keçidin zərurətini dəfələrlə vurğulayıb. O, "dənizdən dənizə böyük Ermənistan" layihəsini zərərli xülya kimi səciyyələndirib.
Ancaq nə vaxt?!
Azərbaycanla müharibədə uduzandan, 2020-ci ildə Ermənistanın məğlubiyyətindən sonra.
Bu, həmin Paşinyandır ki, "Qarabağ Ermənistandır. Nöqtə" deyirdi.
Bu sözləri geri götürməyə və "Qarabağ Azərbaycandır" deməyə kim məcbur etdi?!
Azərbaycan ordusu və bu ordunun başında dayanan prezident İlham Əliyev. Bu, şəksiz həqiqətdir.
Ermənistan hökumətinin yüksək vəzifəli şəxsləri, konkret olaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin o zamankı rəisi Vanetsyan, dönəmin müdafiə naziri Tonoyan nə deyirdilər?! Demişdilər ki, Ermənistan Azərbaycana bir qarış da olsun, torpaq qaytarmayacaq, əksinə "yeni torpaqlar üçün yeni müharibə" edəcək.
Bəs nə oldu?!
Azərbaycam bütün bu xəyalları və planları pozdu. Azərbaycanın şəksiz qələbəsi Ermənistan rəhbərliyinə dərs oldu; İrəvanda anladılar ki, Azərbaycan əvvəlki Azərbaycan deyil, yeni macəralar Ermənistana nəinki qələbə, əksinə daha böyük məhrumiyyətlər gətirəcək.
Əvvəl də yazmışdım: Azərbaycan 2020-ci ildə təkcə öz ərazilərini işğaldan xilas etmədi, həm də Ermənistanı xilas etdi; tutduğu yanlış, özü üçün daha çox təhlükəli olan yoldan dönmək üçün ona dərs və şans verdi. 2023-cü ildə Azərbaycan öz suverenliyini bərpa etməklə paralel olaraq Ermənistana da aşağılayıcı forpost statusundan imtina etmək, öz suverenliyini qazanmaq imkanı yaratdı.
Bu gün Ermənistan baş naziri Paşinyan Rusiya prezidentinin qarşısında özünü müstəqil bir dövlətin rəhbəri kimi göstərə bilirsə, bu, Azərbaycanın saysində mümkün olub. Məhz Azərbaycan özünə rəva bilmədiyini başqalarına da rəva görməməyin diplomatik nümunəsini yaratdı. Azərbaycanın tarixi qələbəsinə qədər Cənubi Qafqazın bütün xəritəsi qan içində idi. Azərbaycan müharibədə, Gürcüstanda müharibə, Ermənistan özü işğalçı kimi müharibədə. Azərbaycanın, prezident İlham Əliyevin əldə etdiyi ən böyük strateji nəticələrdəm biri Cənubi Qafqazı qanlı toqquşmalar, müharibələr meydanından, sülh, tərəfdaşlıq regionuna çevirməkdir. Müharibənin alternativini dünənki rəqibinə də qəbul etdirməsidir.
Məhz bu, indiki Ermənistana Rusiya qarşısında daha inamlı dayanma gücü verir.
Paşinyan-Putin görüşündə Ermənistan Rusiyanı 2022-ci ildə onun köməyinə gəlməməkdə günahlandırır. 2022-ci il deyəndə, yəqin ki, Azərbaycanla Ermənistan arasındakı sərhəd toqquşmaları nəzərdə tutulur. Ermənistanın narrativinə görə, guya Azərbaycan ordusu onun şərti sərhəddini keçib, guya Azərbaycan əsgəri onun torpağına ayaq basıb, Rusiya da Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Ermənistanın çağırışına gəlməyib. Paşinyan Putinə üz tutaraq öz cəmiyyətinə, xüsusilə ruspərəstlərə və seçim qərarsızlığı yaşayan eloktorata demək istəyir ki, guya Rusiya çətin vəziyyətdə Ermənistanı taleyin ümidinə buraxıb, ona görə də Robert Köçəryanın və başqalarının simasında Rusiyaya - Rusiyanın namizədinə səs vermək lazım deyil.
Beləliklə, Ermənistan və Rusiya rəhbərlərinin Moskvadakı son dialoqunu diplomatik dildən adi, normal verbal nitqə keçirsək belə alınacaq:
Vladimir Putin: Ermənistan Rusiyaya qardaş ölkədir. Qardaşını qoyub, ABŞ-la, Avropa İttifaqı ilə yaxınlaşmaq lazım deyil.
Nikol Paşinyan: Rusiyanın nəinki qardaşlığı, müttəfiqliyi, heç dostluğu da etibarlı deyil. Ermənistan Azərbaycan qarşısında məğlub duruma düşəndə Rusiya köməyə gəlmədi.
V.P.: Risiya necə köməyə gələ bilərdi ki, Ermənistan özü "Qarabağ - Azərbaycandır" dedi.
N.P.: Ona qədər Rusiya özü bunu dəfələrlə demişdi. Ermənistan da təkrar etmək zorunda qaldı.
V.P.: Ermənistanın Rusiya ilə yenidən dost olması üçün gərək bütün Rusiyapərəst siyasətçilərə seçkidə iştirak imkanı uar yaradılsın. Xüsusilə, Samvel Karapetyanı seçkiyə buraxmaq lazımdır?!
N.P.: Samvel Karapetyanın ikili vətəndaşlığı var, buna görə qanun onun namizəd olmasına icazə vermir. Məndən asılı deyil.
V.P.: Onda mən Rusiyadakı erməniləri hərəkətə gətirəcəm, Rusiyada 2 milyon nəfər erməni var. Onların vasitəsilə seçkilərin nəticələrinə təsir göstərə bilərəm.
N.P.: Ermənistanda demokratiyadır. Hökuməti xalq seçir, Kreml yox.
...Əlbəttə, Putin Paşinyanı qorxutmağa çalışır. Rusiyanın rəsmi statistikasına görə, Rusiyada ən yaxşı haıda 900 min nəfərdən 1 milyon iki yüz min nəfərə qədər erməni yaşayır. Ancaq Putin də rəsmi statistikaya istinad etmişdi; rəqəmi şişirtmişdi. Rusiya prezidenti Ermənistan baş nazirini və ona əvvəlki seçkilərdə səs vermiş və növbəti seçkilərdə səs verməyə hazırlaşan Ermənistan vətəndaşlarını təhqir edir, istəsə Ermənistanda hakimiyyəti dəyişə biləcəyi ilə hədələyir. Putinin Ermənistanda "kifayət qədər" Rusiyapərəst siyasətçilərin olduğunu deməsi və Rusiyada yaşayan ermənilərin sayını şişirdərək dilə gətirməsi bu deməkdir.
Bu açıqlamalar - təhdidlər əslində Rusiyanın Ermənistanın daxili işlərinə qarışması deməkdir. Putin bu açıqlamaları ilə etiraf edir ki, Ermənistanın suverenliyini tanımaq istəmir və bu ölkədə də öz "siyasi peyk"lərini seçki yolu ilə hakimiyyətə gətirib, orada oyuncaq rejim qurmaq istəyir. Paşinyanın Rusiyaya səfəri zamanı Putinlə onun arasında yaşanan bu polemika Ermənistanın Qərblə Rusiya arasında geosiyasi toqquşmanın episentrində olduğunu bir daha bütün çılpaqlığı ilə göstərdi. Eyni zamanda onu da bir daha sübut etdi ki, Ermənistanın müstəqil, suveren dövlət olması onun öz türk qonşuları ilə - Azərbaycanla və Türkiyə ilə sülh şəraitində yaşamasından və tərəfdaşlıq münasibətləri qurmasından asılıdır. Başqa sözlə, Ermənistan üçün müstəqil siyasət yürüdən, daxili və xarici siyasətini öz suverenliyi əsasında müəyyən edən Azərbaycanın nümunəsi var. Daha əvvəl dediyim kimi, bölgədə geosiyasi paradiqmanı dəyişən Azərbaycandır. Kremlin sahibi Azərbaycana öz iradəsini diqtə edə bilmir; bu, qəbul olunmur. Ermənistanı və onun başçısını isə asanlıqla aşağılayır, Ermənistanda seçkinin taleyini istədiyim kimi həll edə biləcəyini açıq-aşkar dilə gətirir. Bu, nəinki Ermınistan hökumətinə, hətta erməni cəmiyyətinə: "İradəm qarşısında siz heç kimsiniz" deməyə bərabərdir. Bütün bunların fonunda Azərbaycan dövlətinin, dövlət başçısının necə doğru xətt yürütdüyü bir daha aydın olur. Rusiya ilə düşmən olmaq qədər dost olmaq da təhlükəlidir; təhlükəsiz məsafədə dayanmaq gərəkdir. Nə çox yaxın olmaq, nə çox uzaq olmaq doğru deyil. Optimal məsafəni seçmək isə yüksək diplomatik bacarıq, siyasi talant istəyir. Azərbaycan prezidenti ölkəsinin ali baş diplonatı olaraq bu çətin işi bacardığını dəfələrlə- müxtəlif situasiyalarda göstərib. O cümlədən, Rusiya ilə münasibətlərdə. Paşinyanın Moskva səfəri kontekstində biz buna bir daha əmin oluruq.








