Son günlər sosial şəbəkələrdə Taksi Sürücüləri Birliyindən AYNA ilə bağlı şikayətlərə qoşulmaları üçün taksilərə çağırış edilir.
Şikayətin əsas səbəbi avtobus zolaqlarından istifadəyə taksi sürücülərinə icazə verilməməsi və kənar dayanacaqlardan istifadə zamanı taksilərə cərimələrin yazılmasıdır.
Nəqliyyat eksperti Aslan Əsədov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, avtobus zolaqlarından gələcəkdə taksilərin də istifadə etməsi tərəddüdlü məsələdir:
“Çünki taksi adından istifadə edərək o zolaqlardan sui-istifadə edənlər çox ola bilər”.
Ekspert əlavə edib ki, sui-istifadə halı olmasa, bu zolaqlardan taksilərin də istifadə etməsi müsbət hal olardı:
“Taksi sürücüləri üçün dayanacaqdan kənarda düşüb-minmə məntəqələri yaradılıb. Düzdür, onların sayı azdır, amma var. Bu da məsələnin həlli istiqamətində açılan qapı deməkdir”. Ekspert qeyd edib ki, öz həllini tapan məsələlər sırasına bu da daxil edilməlidir.
Məsələ ilə bağlı AYNA hansı tədbirlər görəcək? Sualımıza cavab olaraq AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, qanunvericiliyə əsasən, xüsusi hərəkət zolaqlarından yalnız ictimai və operativ nəqliyyat vasitələri istifadə edə bilər.
“AYNA tərəfindən xüsusi hərəkət zolaqlarında minik avtomobillərinin, o cümlədən, taksi nəqliyyat vasitələrinin sərnişinlərinə minib-düşmək üçün şərait yaradılıb. Bu günə qədər ümumilikdə 16 küçə və prospektdə 27 məntəqədə minib-düşmə yeri təşkil edilib.
Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir”.
“Bundan əlavə, Bakı şəhərinin bir sıra küçə və prospektlərində 142 ünvanda taksi duracağı mövcuddur”,- deyə Tural Orucov qeyd edib.











