2022-2026-cı illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında ölkədə mənzil kommunal istismar sahələrinin (MKİS/JEK) ləğvi də nəzərdə tutulub. Lakin sözügedən qərar Bakı şəhərinə şamil edilməyəcək: “Bakıda MKİS-lərlə bağlı detallar Nazirlər Kabinetinin qəbul edəcəyi yeni qərarla müəyyən olunacaq”, – deyə mənbədən modern.az-a bildirilib.
Paytaxtda “JEK”lərin ləğv edilməməsinin səbəbi nədir?
Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, “JEK”lərin ləğvi ilə bağlı uzun müddətdir müzakirələr aparılır:
“Əslində, “JEK”lərin həyata keçirdiyi funksiyalar kifayət qədər sadədir və bu səlahiyyətlərin bələdiyyələrə verilməsi mümkündür. Vəzifə və səlahiyyət bölgüsü baxımından “JEK”lər birbaşa yerli icra hakimiyyəti orqanlarına tabe olan qurumlar kimi kommunal, eləcə də sosial xidmətlər göstərirlər. “Bələdiyyələrin statusu haqqında” Qanuna əsasən, bələdiyyələrin əsas fəaliyyət istiqamətlərindən biri də əhaliyə sosial və kommunal xidmətlərin göstərilməsidir. Nəzərə alsaq ki, bələdiyyələr seçkili və hesabatlı orqanlardır, bu baxımdan “JEK”lərin fəaliyyətinin dayandırılması və onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi daha məqsədəuyğun görünür”.
İB sədri bildirib ki, bu prosesdə maliyyə məsələləri də mühüm rol oynayır:
“JEK”lərə ayrılan dövlət vəsaitlərinin bir hissəsi bələdiyyələrə yönəldilə bilər. Seçkili və hesabatlı qurum olduqlarına görə bələdiyyələr vətəndaşlar qarşısında daha məsuliyyətli strukturlar kimi çıxış etməlidirlər. İstər Bakı, istərsə də regionlarda “JEK”lər köhnə sovet idarəetmə sistemindən qalma bir struktur olaraq ləğv edilməli, bu sahədə institusional islahatlar aparılmalıdır. Kommunal, sosial xidmətlərlə bağlı bütün səlahiyyətlər birbaşa və tam şəkildə bələdiyyələrin ixtiyarına verilməlidir”.
Ekspertin sözlərinə görə, hazırda dövlət büdcəsindən “JEK”lərə kifayət qədər vəsait ayrılır:
“Lakin vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətində ciddi irəliləyiş müşahidə olunmur. Bu baxımdan “JEK”lərin hələ də ləğv edilməməsi sual doğurur. Görünür, bəzi qurum və strukturların maliyyə maraqları bu sistemin saxlanmasında rol oynayır və bu da islahatlara qarşı müəyyən müqavimət yaradır”.











