
Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Akif Binnətovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisənin başlanmasına səbəb zərərçəkmiş Hasib Nüsrətovun (adı, soyadı şərtidri) "TikTok" platformasında paylaşdığı videoçarxın altında Akif Binnətov tərəfindən yazılmış tənqidi şərh olub. Şərhdən sonra tərəflər arasında telefon danışığı baş tutub və həmin söhbət zamanı qarşılıqlı şəkildə bir-birlərinin ünvanına nalayiq ifadələr işlədilib.
Tərəflər məsələni aydınlaşdırmaq məqsədilə görüşmək barədə razılığa gəliblər. Hasibin dəvəti ilə Akif Bakı şəhəri, Nizami rayonunda yerləşən "Astoria" hotelinin qarşısına gedərək onunla görüşüb. Bu zaman tərəflər arasında yenidən mübahisə yaranıb və onlar qarşılıqlı şəkildə bir-birlərini təhqir ediblər.
Akif Binnətov yaranmış münaqişə zamanı qisas almaq məqsədilə əvvəlcədən üzərində gəzdirdiyi kəsici-deşici alətlə zərərçəkmiş şəxsə bel nahiyəsinin sağ hissəsindən bir dəfə zərbə endirib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Hasib Nüsrətova sağ bel nahiyəsində qarın boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara xəsarəti yetirilib. Həmin xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti kimi qiymətləndirilib.
Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə – qəsdən sağlamlığa yüngül zərər vurma əməlini törətmək ittihamı irəli sürülüb.
İşə baxan Nizami Rayon Məhkəməsi qərara alıb ki, təqsirləndirilən şəxs "Konstitusiya və Suverenlik İli" münasibətilə Milli Məclisin 2025-ci il tarixli amnistiya qərarının 5.1-ci bəndinin təsiri altına düşür. Bu səbəbdən məhkəmə onu Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edib və barəsində aparılan cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edib.
Beləliklə, "TikTok" sosial şəbəkəsində yazılmış tənqidi şərhdən başlayan mübahisə bıçaqlanma ilə nəticələnsə də, məhkəmə amnistiya aktının tətbiq olunmasını əsas götürərək Akif Binnətovun cinayət məsuliyyətinə cəlb edilməsinə son qoyub.









