Dünya ticarətinin və qlobal enerji daşımalarının ən həssas nöqtəsi sayılan Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün Avropa dövlətləri gözlənilməz bir addım atmağa hazırlaşır.
Musavat.com xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu "The Guardian" nəşrinin əldə etdiyi eksklüziv məlumata görə, Avropa ölkələri Hörmüz boğazından keçən gəmilər üçün xüsusi "könüllü yığım" (rüsum) mexanizminin tətbiq edilməsi variantını nəzərdən keçirirlər.
Qəzetin diplomatik mənbələrə istinadən yaydığı təfərrüatda vurğulanır ki, rəsmi Brüssel və digər aparıcı Avropa paytaxtları regionda gərginliyi azaltmaq məqsədilə bu iqtisadi mexanizmi müzakirə etməyə tam hazırdırlar.
Lakin Avropa tərəfi bu məsələdə çox mühüm və qəti bir şərt irəli sürüb; layihəyə əsasən, boğazdan keçən gəmilərdən tutulacaq bu ödənişlər heç bir halda məcburi xarakter daşımamalı, yalnız könüllülük prinsipi əsasında həyata keçirilməlidir.






