SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə bağlı illərdir davam edən atalığın müəyyən edilməsi və aliment mübahisəsi yenidən Ali Məhkəmənin gündəminə çıxır. Bakı Apellyasiya Məhkəməsinin son qərarından narazı qalan Orxan İsmayılzadə növbəti dəfə kassasiya şikayəti verib.
Beləliklə, uzun müddətdir müxtəlif instansiyalarda davam edən bu işdə artıq bir tendensiya formalaşıb - Orxan İsmayılzadə birinci instansiyada uduzur, apellyasiya şikayəti verir, apellyasiyada da istədiyi nəticəni əldə etmir, Ali Məhkəməyə müraciət edir, iş yenidən baxılsa da, yenə eyni nəticə ilə üzləşir və növbəti kassasiya şikayəti təqdim edir. Musavat.com bu səs-küylü məhkəmə prosesini ilk gündən diqqətdə saxlayıb.
Orxan İsmayılzadənin DNT ekspertizasına gəlmədiyi, aliment ödəmədiyi, hətta aliment borcu ilə əlaqədar əmlakı üzərinə həbs qoyulduğu barədə məlumatlar var. Daha sonra onun barəsində aliment borcuna görə bir neçə dəfə axtarış qərarı çıxarıldığı barədə xəbərlər dərc olunub.
Sonrakı mərhələdə Bakı Apellyasiya Məhkəməsinin əlavə qətnaməsi ilə alimentin indeksləşdirilməsi məsələsi də hüquqi qiymətləndirilib. Bu qərardan da Orxan İsmayılzadə narazı qalıb və məhkəmə çəkişməsi davam etdirilib.
Yeni kassasiya şikayətində Orxan İsmayılzadənin müdafiə tərəfi iddia edir ki, məhkəmələr Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsini düzgün tətbiq etməyiblər.
Şikayətdə göstərilir ki, ekspertizadan yayınma yalnız tərəfin qərəzli şəkildə ekspertizanın keçirilməsinə mane olduğu halda əsas sayıla bilər. Vəkil bildirir ki, Orxan İsmayılzadə ekspertizanın keçirilməsinə razı olub, hətta müxtəlif tarixlərdə bunun üçün ərizələr təqdim edib.
Müdafiə tərəfinin versiyasına görə, 13 mart 2026-cı ildə Orxan İsmayılzadə ekspertiza müəssisəsinə getsə də, ekspert iş yerində olmayıb və buna görə ekspertiza keçirilməyib. Kassasiya şikayətində bildirilir ki, belə olan halda ekspertizanın baş tutmaması cavabdehin qərəzli yayınması kimi qiymətləndirilə bilməz.
Şikayətin əsas xəttini atalıq yalnız elmi sübutla - DNT ekspertizası ilə müəyyən edilməlidir.
Oliqarx oğlunun vəkilləri bildirirlər ki, telefon danışıqları, fotoşəkillər, birlikdə səfərlər, tərəflərin münasibətləri və digər dolayı sübutlar bioloji atalığın qəti təsdiqi sayıla bilməz.
Şikayətdə yalnız atalıq məsələsi deyil, alimentin məbləği də mübahisələndirilir.
Müdafiə tərəfi iddia edir ki, məhkəmə Orxan İsmayılzadənin faktiki gəlirlərini, işsiz olmasını və rəsmi gəlirinin olmamasını lazımi qaydada araşdırmadan aylıq 500 manat aliment müəyyən edib.
Lakin diqqət çəkən məqamlardan biri də budur Orxan İsmayılzadənin ailəsinin və özünün böyük həcmdə əmlaka sahib olduğu, alimentdən yayınmağa çalışdığı iddiaları ilə razılaşmır.
Bu iş artıq adi ailə mübahisəsi çərçivəsini çoxdan aşıb.
Əvvəl Sabunçu Rayon Məhkəməsi, sonra Bakı Apellyasiya Məhkəməsi, daha sonra Ali Məhkəmə, yenidən Apellyasiya Məhkəməsi... İndi isə iş bir daha Ali Məhkəməyə gedir.
Diqqət çəkən məqam ondan ibarətdir ki, Orxan İsmayılzadə indiyədək demək olar ki, hər mənfi qərardan sonra kassasiya və ya digər hüquqi müdafiə vasitələrindən istifadə edib. Bu isə prosesin illərlə uzanmasına səbəb olub.
İndi Ali Məhkəmə müəyyən etməlidir ki, Bakı Apellyasiya Məhkəməsi DNT ekspertizası, sübutların qiymətləndirilməsi və prosessual normaların tətbiqi zamanı qanunun tələblərinə tam əməl edib, yoxsa iş yenidən araşdırılmalıdır. Xatırladaq ki, bu günə qədər ayrı-ayrı məhkəmə instansiyalarında iş üzrə 8 DNT ekspertizası təyin olunub. Orxan İsmayılzadəyə bu barədə rəsmi bildiriş göndərilib. Lakin Orxan İsmayılzadə həmin ekspertizalara qatılmayıb.
SOCAR-ın sabiq vitse-prezidentinin oğlunun adı ilə bağlı bu məhkəmə işi Azərbaycan məhkəmə sistemində ən uzun sürən ailə mübahisələrindən birinə çevrilib. Hər yeni qərardan sonra növbəti şikayət, növbəti instansiya və növbəti hüquqi mübarizə başlayır. Ali Məhkəmənin bu dəfə verəcəyi qərarın prosesə son qoyub-qoymayacağı isə yaxın vaxtlarda məlum olacaq.






