Ötən il məhkəmə qərarlarının icrası sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə edilən dəyişikliklər nəticəsində icra məmuru vəzifəsinə qəbul qaydaları yenilənib və hüquqşünaslarla yanaşı, digər ixtisas sahiblərinə də bu vəzifəyə müraciət imkanı yaradılıb.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ədliyyə nazirinin müşaviri, Müsabiqə Komissiyasının sədri Seyfəlpaşa Əliyev deyib.
Onun sözlərinə görə, yeni qaydalara maraq kifayət qədər yüksəkdir. Belə ki, Bakı və regionlar üzrə ümumilikdə 523, Naxçıvan Muxtar Respublikasında isə 104 namizəd dövlət icra məmuru vəzifəsinə qəbul məqsədilə keçirilən test imtahanında iştirak edir.
S.Əliyev bildirib ki, müraciət edənlərin 90 faizdən çoxunu hüquqşünas olmayan ixtisasların nümayəndələri təşkil edir. Onun sözlərinə görə, namizədlər həm Azərbaycanın, həm də xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinin məzunlarıdır.
O qeyd edib ki, test imtahanından uğurla keçən namizədlər növbəti mərhələdə müsahibəyə cəlb olunacaq. Bu mərhələni də müvəffəqiyyətlə başa vuran şəxslər ən azı üç ay davam edəcək xüsusi icbari təlim proqramında iştirak edəcəklər.
Müşavir vurğulayıb ki, Ədliyyə Nazirliyi tərəfindən həmin təlim proqramının hazırlanması artıq başa çatdırılıb. Onun sözlərinə görə, proqramın hazırlanmasına yerli və beynəlxalq mütəxəssislər cəlb olunub və müasir tələblərə cavab verən təkmil təlim hazırlanıb.
S.Əliyev əlavə edib ki, təlim proqramını və yekun qiymətləndirməni uğurla başa vuran namizədlər dövlət icra məmuru vəzifəsinə təyin ediləcəklər.
O bildirib ki, yeni qəbul qaydaları hesabına həm Bakı şəhərində, həm də regionlarda dövlət icra məmuru vəzifələri üzrə vakant yerlərin komplektləşdirilməsi təmin olunacaq, eyni zamanda dövlət icra məmuru institutu keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyacaq.






