Ermənistanın Baş naziri Nikol Paşinyan öz partiyasından ("Mülki müqavilə") sabiq deputat Sofiya Ovsepyanı və "Yelk" parlament fraksiyası üzrə keçmiş həmkarı, "Maarifçi Ermənistan" partiyasının rəhbəri Edmon Marukyanı məhkəməyə verib.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə məlumatlar "Datalex" portalında təqdim edilib.
N.Paşinyan Ovsepyandan təhqiramiz ifadələrinə görə üzr istəməsini, parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı qeyd olunan ittihamları təkzib etməsini tələb edir. Təhqirlərə görə kompensasiya qismində Paşinyan 2 milyon dram (5,4 min dollar), böhtana görə isə – 4 milyon dram (10,8 min dollar) tələb edir.
E.Marukyana qarşı iddia natamam şəkildə dərc olunub, ona dair tələblər qeyd edilməyib. Yalnız iddia üçün əsas göstərilib – bu, Marukyanın teleqram-kanalındakı, həmçinin seçkilərdən qısa müddət sonra yayımlanmış videodur.






