"Aldığımız məlumatda qeyd olunub ki, "Azəriqaz" İB Qaz Paylayıcı Stansiyalarında (QPS) operator xidmətinin mərhələli ləğvinə başlayır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı paylaşıb.
NHMT sədri daha sonra fikrini belə davam etdirir: "Bu ilin sonunadək regionlarda qaz paylayıcı stansiyalarda operator xidmətinin mərhələli şəkildə ləğvi və sistemin avtomatlaşdırılmış idarəetməyə keçirilməsi planlaşdırılır.
Proses çərçivəsində operator nəzarətinin aradan qaldırılması nəzərdə tutulur. Bu dəyişiklik qaz təsərrüfatı kimi yüksək riskli sahədə təhlükəsizlik və operativ müdaxilə imkanları baxımından diqqətlə qiymətləndirilməlidir. Umumiyyətlə operator nəzarətinin aradan qaldırılması yüksək riskli qaz təsərrüfatında təhlükəsizlik baxımından narahatlıq doğurur. Xüsusilə qəza və nasazlıq hallarında operativ müdaxilə imkanlarının necə təmin olunacağı açıq qalmış məsələdir.
Qeyd edim ki, iyul ayı üzrə birinci mərhələdə operator xidməti ləğv ediləcək 12 QPS ilə bağlı siyahını paylaşacağam..."









