Ermənistanda baş turan seçkilərdən sonra Ankara ilə İrəvanın tezliklə sərhədləri açacağı ilə bağlı fikirlər yenidən gündəm olmağa başlayıb.
Bəzi iddialara görə, Türkiyə və Ermənistan bu yay quru sərhədləri açmaq niyyətindədir.
Belə ki, birinci mərhələ Əlican (İğdır) sərhəd keçid məntəqəsinin, ardınca isə Akyaka (Qars) sərhəd keçid məntəqəsinin açılması nəzərdə tutulur.
Sərhəd-keçid məntəqələri açıldıqdan sonra isə tərəflər yol əlaqələrini bərpa etməyə və birbaşa ticarətə keçməyə ümid edirlər.
Politoloq Natiq MiriBakupost.az-a bildirib ki, bu məsələnin həllində Avropa Birliyi də maraqlıdır:
“Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması, birbaşa ticarətin bərqərar olması iki dövlət arasında ciddi müzakirə predmetidir. Birbaşa ticarətlə bağlı artıq qərar da var. Ancaq bunun üçün nəqliyyat kommunikasiyaları da açılmalıdır. Hələlik Axalkalaki-Qars dəmiryolu vasitəsilə ixrac məhsullarının ticarilə bağlı razılıq əldə olunub. Lakin məsələ Ermənistan-Türkiyə əməkdaşlıq məsələsini aşaraq, həm də Avropa Birliyinin maraqlarına daxil olub”.
Müsahibimiz deyir ki, AB Rusiya sanksiyalarına məruz qalan İrəvanı xilas etməyi düşünür:
“Rusiya isə Ermənistandan ixrac olunan bütün məhsullara sanksiya tətbiq edib. Bu isə Ermənistana qısa müddətdə yeni bazarların tapılmasında və maliyyə məsələlərində müəyyən problemlər yaradacaq. Ermənistanın Rusiyaya ixrac etdiyi və indi sanksiyalara düşən məhsullardan qazancı 180 milyon dollardan çox idi. Ona görə də AB gömrük rüsumları olmadan Ermənistan məhsullarının Avropa bazarlarına buraxılması üçün müəyyən güzəştlər edib. Hətta İrəvana 50 milyon avroluq yardım qərarı verdilər. Bu səbəbdən perspektivdə həmin nəqliyyat kommunikasiya xətlərinin açılması mümkün görünür”.
N. Mirinin sözlərinə görə, bundan sonra məsələyə münasibətdə Azərbaycanın davranışının necə olacağı çox önəmlidir:
“Ermənistanda keçirilən seçkilərin nəticəsi yekun sülh müqaviləsinin imzalanmasını çətinləşdirir. Türkiyə Azərbaycanla məsləhətləşmədən sərhədi açmayacaq. Yekun sülh müqaviləsi imzalanmadan da müharibənin olmadığı vəziyyətdə əməkdaşlığı daha irəliyə daşımaq da mümkün olar. Çünki Türkiyə və Azərbaycanın da marağında olduğu Zəngəzur dəhlizinin açılması məsələsi var”.
Bu səbəbdən politoloq düşünür ki, məsələyə böyük mənzərədən və strateji baxımdan baxmaq lazımdır.
O baxımdan həmsöhbətimiz Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması perspektivini görür:
“Amma məsələ Azərbaycanla razılaşdırılmalıdır. Ona görə də məsələyə Bakının baxışı çox önəmlidir”.
Ekspertin fikrincə, məsələyə strateji yanaşılarsa, ola bilsin Bakı həmin sərhədlərin açılmasına əngəl olmaz:
“Nəticədə sərhədlərin açılması perspektivi çox böyükdür. Hansısa yolla Paşinyan konstitusiyalarındakı ərazi iddiası məsələsini aradan qaldırmalıdır. Bunun üçün də imkanlar mövcuddur. Yəni məsələni həddən artıq daşlığa daşımağa ehtiyac yoxdur. Çünki ortada bundan süni şəkildə istifadə etməyə çalışan Rusiya var”.










