“Güclü Ermənistan” blokunun lideri, rusiyalı oliqarx Samvel Karapetyan Baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün deputat mandatlarını qəbul edərək parlamentə daxil olacaqlarını iddia edib.
Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində bildirib.
Samvel Karapetyan iddia edib ki, seçkilərdə nə o, nə Nikol Paşinyan qalib gəlib.
“Ermənistana legitim hakimiyyət lazımdır. Paşinyan bunu təmin etmədi, indi sözdə şişirdilmiş bir hökumət formalaşıb. Seçkilər tamamilə uğursuz oldu, saxtalaşdırıldı, terror və həbslər şəraitində keçirildi. Əgər hesab etsək ki, Nikol Paşinyanı parlament vasitəsilə daha tez hakimiyyətdən uzaqlaşdıra bilərik, o zaman parlamentə gedəcəyik. Əgər hesab etsək ki, bunu küçə mübarizəsi yolu ilə edə bilərik, onda küçə mübarizəsi yolu ilə edəcəyik”, - o bildirib və əlavə edib ki, mandatlarla bağlı danışmaq üçün hələ tezdir.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, Baş nazir Nikol Paşinyanın sədri olduğu “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,825 faizini toplayıb. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,281 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,934 faiz səs alıb. Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası 3,996 faiz səs toplasa da, Ermənistan parlamentinə düşə bilməyib.
Ermənistan Mərkəzi Seçki Komissiyası səsvermənin yekun nəticələrini iyunun 14-də açıqlayacaq.










