Bir vaxtlar Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən əhalinin kütləvi tibbi müayinəsi təşkil olunurdu.
Həmin dövrdə müxtəlif yaş qruplarından olan vətəndaşlar, o cümlədən uşaqlar və yeniyetmələr həkim müayinəsindən keçirilir, sağlamlıq vəziyyətləri qiymətləndirilirdi.
Bu cür müayinələr bir çox insanın heç xəbəri olmadığı sağlamlıq problemlərinin aşkarlanmasına imkan yaradırdı.Müayinələr zamanı ürək-damar sistemi xəstəlikləri, görmə problemləri, qan azlığı, tənəffüs yolları xəstəlikləri və digər narahatlıqlar erkən mərhələdə müəyyən edilir, vətəndaşlara müalicə və nəzarətlə bağlı tövsiyələr verilirdi.
Sonrakı illərdə isə bu praktika əvvəlki genişmiqyasda davam etdirilmədi.Məhz son vaxtlar məktəbyaşlı uşaqlar arasında qeydə alınan qəfil ölüm halları profilaktik müayinələrin vacibliyini yenidən gündəmə gətirib.
Bəzi xəstəliklər uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilir. Buna görə də məktəbyaşlı uşaqların müəyyən dövrlərdə geniş tibbi müayinələrdən keçirilməsi məsələsi yenidən aktuallaşır.
Belə müayinələr uşaqların sağlamlıq vəziyyətinin nəzarətdə saxlanmasına, valideynlərin məlumatlandırılmasına və mümkün risklərin erkən mərhələdə müəyyən edilməsinə imkan yarada bilər.
Vaxtilə səhiyyə ayları çərçivəsində keçirilən kütləvi tibbi müayinələrin məktəbyaşlı uşaqlar üçün yenidən təşkili mümkündürmü?
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Sovet dövründə səhiyyə sistemində profilaktik yanaşma daha geniş tətbiq olunurdu:
“Əvvəlki illərdə kənd və rayonlara mobil tibbi briqadalar göndərilir, əhalinin kütləvi müayinələri həyata keçirilirdi. Fluoroqrafiya vasitəsilə vərəm və ağciyər xəstəliklərinin, eləcə də bəzi onkoloji xəstəliklərin erkən aşkarlanmasına xüsusi diqqət yetirilirdi.
Eyni zamanda zoonoz xəstəliklərin, məsələn, bruselyozun vaxtında müəyyən edilməsi üçün həm insanlar, həm də heyvanlar üzərində nəzarət tədbirləri görülürdü ki, infeksiyanın insana keçməsinin qarşısı alınsın.
Peyvənd proqramları da sistemli şəkildə icra olunur, əhali üçün nəzərdə tutulan vaksinlərin vaxtında vurulması ciddi şəkildə nəzarətdə saxlanılırdı.
Bəzi bölgələrdə, xüsusilə yod çatışmazlığının geniş yayıldığı ərazilərdə duzun yodlaşdırılması tətbiq edilir, bu yolla zob və digər endokrin problemlərin qarşısı alınmağa çalışılırdı.
Ümumilikdə, həmin dövrdə əhalinin sağlamlığının qorunması üçün kütləvi və planlı profilaktik tədbirlər həyata keçirilirdi və bu yanaşmanın müəyyən nəticələri də müşahidə olunurdu”.
O qeyd edib ki, bu gün isə səhiyyə sistemi daha çox Qərb modelinə uyğun qurulub:
“Burada skrininq proqramları və profilaktik müayinələr mövcuddur. Lakin yanaşma daha çox risk qrupları və fərdi tibbi xidmət prinsiplərinə əsaslanır.
Eyni zamanda bu cür genişmiqyaslı müayinələr ciddi maliyyə və təşkilati resurslar tələb edir. Xüsusilə məktəbli uşaqlar və müəyyən risk qrupları üçün mütəmadi tibbi müayinələrin təşkili vacibdir.
Məktəblərdə tibbi xidmətlərin gücləndirilməsi, ilkin tibbi yardım məntəqələrinin yaradılması və fövqəladə hallarda operativ müdaxilə imkanlarının təmin edilməsi bu istiqamətdə mühüm addım ola bilər.
Eyni zamanda məktəblərdə sistemli profilaktik müayinələrin keçirilməsi, uşaqların sağlamlıq göstəricilərinin dövri olaraq izlənməsi və erkən mərhələdə aşkar edilən problemlərin vaxtında aradan qaldırılması daha sağlam və təhlükəsiz təhsil mühitinin formalaşmasına şərait yaradar.
Bu yanaşma həm uşaqların gələcək inkişafına müsbət təsir göstərər, həm də valideynlərin və ümumi səhiyyə sisteminin üzərindəki yükü əhəmiyyətli dərəcədə azaldar”.










