Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) 2025-ci ildə dövlət büdcəsindən 273.77 mln. manat həcmində subsidiya alıb. Bu, 2024-cü illə müqayisədə 37.63 mln. manat və ya 12.1% azdır.
Banker.az xəbər verir ki, maliyyələşmənin azalması fonunda Agentliyin əsas xərc istiqaməti olan heyətlə bağlı xərclər də 291.22 mln. manatdan 252.32 mln. manata enərək 13.4% azalıb.
2025-ci ildə amortizasiya xərcləri 2.32 mln. manatdan 3.74 mln. manata, köhnəlmə xərcləri isə 7.45 mln. manatdan 8.07 mln. manata yüksəlib. Yerdə qalan əməliyyat xərcləri 6.02 mln. manatdan 5.18 mln. manata düşüb.
Pul vəsaitlərinin hərəkəti hesabatına görə, Agentliyin əməliyyat fəaliyyəti üzrə pul çıxışı 262.68 mln. manat təşkil edib. İnvestisiya fəaliyyətinə 28.23 mln. manat yönəldilib. Maliyyələşdirmə fəaliyyəti çərçivəsində isə dövlət büdcəsindən daxilolmalar hesabına 294.36 mln. manat xalis pul axını formalaşıb.
Nəticədə DOST Agentliyinin pul vəsaitləri və onların ekvivalentləri il ərzində 3.5 mln. manat artaraq 40.59 mln. manata çatıb. 2024-cü ilin sonunda bu göstərici 37.08 mln. manat idi.
Hesabat dövründə Agentliyin əməliyyat mənfəəti 607 min manatdan 730 min manata yüksəlib. Maliyyə xərclərinin artması səbəbindən ilin yekununda əldə olunan xalis mənfəət isə 35 min manatdan 21 min manata enib.










