Mərhum aktyor, Əməkdar artist Həsən Əblucun həyat yoldaşının səhhətində müsbət dinamika müşahidə olunur.
Bu barədə Qaynarinfo-ya aktyorun qızı Elnaz Əbluc məlumat verib.
O bildirib ki, anası bir müddətdir reanimasiyada müalicə alır:
"Bir aya yaxındır anamın səhhətində ciddi problemlər yaranıb. O, septik şok keçirmişdi, sidik yollarında daş problemi var idi. Daş hələ tam çıxarılmayıb və bu vəziyyət zəhərlənməyə səbəb olmuşdu. Daha sonra onu Yeni Klinikaya yerləşdirdik. Hazırda demək olmaz ki, tam yaxşıdır, koma vəziyyətindən çıxarılıb".
Elnaz Əbluc əlavə edib ki, müalicə prosesi davam edir:
"Anam nə danışır, nə də tam hərəkət edə bilir, amma əvvəlki ağır vəziyyətlə müqayisədə irəliləyiş var. Müalicə davam etməlidir".
Qeyd edək ki, Azərbaycan kino və teatr sənətinin tanınmış nümayəndələrindən olan Əməkdar artist Həsən Əbluc uzun illər əvvəl vəfat edib. Onun həyat yoldaşı bir müddət əvvəl ağır vəziyyətdə reanimasiyaya yerləşdirilmişdi və hazırda müalicəsi davam etdirilir.










