İsrail Müdafiə Ordusu (SAXAL) İranın mərkəzi və qərb hissələrində yerləşən hərbi obyektlərə aviazərbələr endirdiyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə məlumat SAXAL-ın rəsmi "Telegram" kanalında dərc olunub.
"Bir qədər əvvəl İsrail Hərbi Hava Qüvvələri İran rejiminə məxsus hərbi hədəflərə qarşı ölkənin qərb və mərkəzi bölgələrində zərbələr endirib", - açıqlamada bildirilib.
Hücumun nəticələri və hədəflər barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı həyata keçirdiyi raket hücumunun hədəfinin Ramat-David hərbi aviabazası olduğunu açıqlamışdı. Tehran həmin bazanın Livan ərazisinə hücumlar üçün istifadə edildiyini iddia edir.
İsrailin Kan dövlət teleradio şirkətinin məlumatına görə, ölkə rəhbərliyi İranın raket hücumuna cavab tədbirləri hazırlayırdı.
Eyni zamanda "Axios" portalının jurnalisti Barak Ravid ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahuya müraciət edərək İrana qarşı hərbi əməliyyatdan çəkinməyi tövsiyə etdiyini yazmışdı.








