“İncəsənət sahəsində təzə qayda-qanun çıxarıblar. Bir az yaşa dolan kimi səni işdən uzaqlaşdırırlar. Bu kimə lazımdır axı?! Mən bəzi məsələlərə münasibətimi bildirirəm və yəqin düşünürlər ki, Elmira xanım niyə belə danışır? Əliqismət Lalayev Akademik Musiqili Teatrı elə gözəl idarə edirdi ki.. Elə gözəl tamaşalar hazırlayırdılar ki.. Göndərdilər onu pensiyaya. Niyə? Bu adam hələ işləyə bilərdi.. Bu qanun haqda dərindən düşünmək lazımdır. İndi hər yerdə istedadlı, öz işini bilən, təcrübəsi olan insanları pensiyaya göndərirlər. Elə insanlar var ki, lap 80 yaşa kimi işləyə bilər. Halbuki bu insanlar indi böyük uğurlar gətirə bilərlər. İstedadı olmayan adamları pensiyaya göndərsinlər. İstedadlıları niyə göndərirlər ki?!”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Elmira Şabanova deyib.
O daha sonra bildirib ki, əsl aktyor və aktrisa oynadığı obraza tamaşaçını inandırmalıdır:
“30-a yaxın bədii filmdə, 20-dən çox televiziya tamaşasında çəkilmişəm. “Qapalı orbit” adlı televiziya filmində Amaliya Pənahova ilə tərəf müqabili idim. Mən orada falçı rolunu elə oynamışdım ki.. Küçəyə çıxırdım, mağazaya gedirdim, o dəqiqə insanlar deyirdilər ki, “Elmira xanım, bizim falımıza baxa bilərsiz?”. Mən utanırdım. Deyirdim ki, bu roldur. Tamaşaçını inandırmaq çox çətindir. Görünür bir bunu bacarmışıq. Bundan sonra Məhərrəm Bədirzadənin “Gəlinlər” adlı televiziya filmində çəkildim. O vaxt bu filmin kasetləri bilirsiniz necə satılırdı?! O filmdən sonra küçəyə çıxanda hamı məndən Şərəfin sandığının aqibətini soruşurdu. Tamaşaçı bu qədər inanırdı. İndiki tamaşaçıları nəyəsə inandırmaq olar? Artıq süni-intellekt dövrüdür. Əfsuslar olsun ki, son illərdə bu televiziya filmlərinin heç birini efirdə göstərmirlər” .








