Kasıb ailələrin astmalı uşaqları üçün Duzdağ Terapiya Mərkəzində müalicə artıq əlçatmaz olur. Valideynlər deyirlər ki, əvvəllər 700–800 manata başa gələn 10 günlük müalicə indi təxminən 1500 manat tələb edir.
Qalmaq, yemək və prosedur xərclərinin kəskin artması aztəminatlı ailələri çətin vəziyyətə salıb. Xəstələr bildirirlər ki, bu qiymətlərlə ya müalicədən imtina etməli, ya da borca girməli olurlar. Bahalanma təkcə uşaqları yox, astmadan əziyyət çəkən böyükləri də çətin vəziyyətə salıb.
Sumqayıt şəhər sakini Zəfər Bayramov deyir ki, astma və tənəffüs problemindən əziyyət çəkən övladını müalicə üçün Duzdağa aparır. Onun sözlərinə görə, qiymətlərin artması səbəbindən artıq oteldə qalmaq mümkün deyil, kirayə ev tutmaq isə əvvəlki kimi sərfəli olmur:
“Övladımı Duzdağ Fizioterapiya Mərkəzində müalicəyə aparıram. Əvvəllər yaxşı idi, 10 günlük müalicəni birtəhər qarşılamaq olurdu. İndi isə qiymətlər ikiqat artıb. Əvvəllər ikimiz üçün çəkilən xərci indi birimiz üçün çəkirəm. Duzdağ otelində qalmaq, gündə 3 dəfə yemək və müalicə ilə birlikdə bir gün təxminən 145 manata başa gəlir. Halbuki bir neçə il əvvəl eyni xidmətlər üçün gündəlik xərc 70–80 manat idi. Məcbur olub oteldə qalmırıq, ev kirayələyirik. Amma kirayələr də bahalaşıb. Bir neçə il əvvəl 10 günlük kirayə evə 150–200 manat verirdik. İndi həmin evlərə 300–400 manat istəyirlər. Üstəlik, hər gün adambaşına taksiyə də əlavə 5 manat xərc çıxır. Ərzaqlar da bahalaşıb.”
Bakı şəhərində yaşayan Cəfər Məmmədov da Duzdağda müalicə və qalma xərclərinin kəskin artmasından şikayətlənir. O deyir ki, əvvəllər xərci azaltmaq üçün ev kirayələmək mümkün idisə, indi bu variant da sərf etmir:
“Astma xəstəliyindən əziyyət çəkirəm. Bu il üçüncü dəfə müalicəyə getmək istəyirəm. Mərkəzə zəng etdim, qalmaq, yemək və müalicə üçün gündə 145 manat istədilər. Əvvəllər ucuz olsun deyə ev kirayələyirdik. İndi maraqlandım, evlərin də qiyməti qalxıb. Hələ bilet pulu da 120 manat edir, əlavə xərclər də var. Sistemi elə qurublar ki, artıq ev kirayələmək də sərf etmir. Məcbur gedib Duzdağ otelində qalmalısan. Aylıq gəlirim 500 manatdır. Mən 10 günlük müalicəyə 2 min manat necə xərc çəkə bilərəm? Aidiyyəti qurumlar biz xəstələri də fikirləşməlidirlər.”
Pasiyentlər aidiyyəti qurumlardan qiymətlərə yenidən baxılmasını və sosial həssas qruplar üçün güzəştlər tətbiq olunmasını istəyirlər.
"Gündəlik Naxçıvan"








