Məlum olduğu kimi, Rusiyaya məxsus PUA Rumıniyanın hava məkanına daxil olaraq Ukrayna ilə sərhəd yaxınlığındakı Qalaç bələdiyyəsinin Ştireks-Mazepa ərazisindəki binanın damına düşüb. Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb ki, yaranmış vəziyyətlə bağlı NATO müttəfiqlərini və Alyansın baş katibini məlumatlandırıb. Rəsmi Buxarest PUA-lara qarşı mübarizə vasitələrinin Rumıniyaya ötürülməsi prosesinin sürətləndirilməsi üçün NATO-dan əlavə tədbirlər görülməsini xahiş edib.
Son zamanlar Rusiya ABŞ-ın başının İran məsələsinə qarışması, habelə Avropa ilə yaşadığı fikir ayrılıqlarından istifadə edərək daha cəsarətli addımlar atır. Fikrimcə, sözügedən insident də, əslində, buna dəlalət edir. Lakin məsələyə daha geniş kontekstdə baxdıqda fərqli reallıqlar da ortaya çıxır. Belə ki, Rumıniya NATO-nun şərq cinahının əsas ölkələrindəndir. Bu ölkənin Qara dənizdə yerləşməsi, Ukrayna ilə uzun sərhədə malik olması və Alyansın hərbi infrastrukturunda mühüm yer tutması onu Rusiya-Qərb qarşıdurmasının ön xəttinə çevirir. Bu baxımdan Rumıniya ərazisində baş verən hər hansı hadisə artıq yalnız iki ölkə arasında problem deyil, NATO-nun kollektiv təhlükəsizlik sisteminə toxunan məsələdir.
Lakin NATO-nun bu hadisəyə görə Rusiyaya birbaşa hərbi cavab verəcəyini düşünmürəm. Ən yaxşı halda, Alyans Rumıniya və digər şərq cinahı ölkələrində hava hücumundan müdafiə sistemlərinin sayını artıracaq, bölgədə əlavə hərbi qüvvələr yerləşdirəcək və hava patrullarının intensivliyini yüksəldəcək. Çünki NATO rəhbərliyi yaxşı anlayır ki, bir pilotsuz uçuş aparatının yaratdığı insidentə görə Rusiya ilə birbaşa hərbi qarşıdurmaya girmək bütün Avropa üçün idarəolunmaz nəticələr doğura bilər.
Digər tərəfdən, NATO-nun əsas strategiyası hərbi eskalasiyadan daha çox çəkindirmə siyasətinə əsaslanır. Alyans üçün prioritet Rusiyaya cavab zərbəsi endirmək deyil, oxşar hadisələrin təkrarlanmasının qarşısını almaqdır. Məhz buna görə də hadisənin nəticəsi böyük ehtimalla yeni hərbi əməliyyatlardan deyil, Rumıniya, Polşa və Baltik ölkələrində müdafiə imkanlarının genişləndirilməsindən, kəşfiyyat və müşahidə fəaliyyətinin gücləndirilməsindən ibarət olacaq.
Məsələnin təbii ki, bir də Avropa İttifaqı tərəfi var. Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen deyib ki, Rusiyanın təcavüzkar müharibəsi daha bir qırmızı xətti keçib və baş verən hadisə Avropa İttifaqı (Aİ) ərazisində baş verib.
O bildirib ki, Rusiya PUA-sı Rumıniyada sıx məskunlaşmış əraziyə düşərək mülki şəxslərin yaralanmasına səbəb olub:
“Aİ Rumıniya və onun xalqı ilə tam həmrəydir. Aİ xüsusilə şərq sərhədlərində təhlükəsizlik və çəkindirmə tədbirlərini gücləndirməklə yanaşı, Rusiyaya təzyiqi də artıracaq”.
Qeyd etdiyim kimi, NATO baş verənləri kollektiv təhlükəsizlik və hərbi çəkindirmə kontekstində qiymətləndirir. Brüssel isə hadisəyə daha çox Avropa ərazisinə yönəlmiş bir təhlükə kimi baxır. Buna görə də Brüssel Ukraynaya dəstəyini davam etdirəcək. Hətta Rusiyaya qarşı sanksiyaları da sərtləşdirəcək.
Hələlik ən sərt reaksiya Rumıniyadan gəlib. Hadisədən sonra Rusiyanın Rumıniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Rumıniya Prezidenti Nikuşor Dan isə Rusiyanın Konstansadakı baş konsulunun arzuolunmaz şəxs elan edildiyini, konsulluğun bağlanacağını açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Rumıniyanın Rusiyanın baş konsulunu arzuolunmaz şəxs elan etməsi və Konstansadakı Baş Konsulluğunun bağlanmasına Moskvanın cavabı özünü çox gözlətməyəcək. Böyük ehtimalla Rusiyada da bənzər şəkildə Rumıniya səfiri və ya konsulu arzuolunmaz şəxs elan ediləcək. Lakin indiki məqamda total müharibə ehtimalı yoxdur.
Turan Rzayev
Globalinfo.az








