Xalq artisti Naibə Allahverdiyeva ögey atası, milli azadlıq mübarizəsinin simvolik şəxsiyyətlərindən biri olan Cahid Hilaloğlu haqqında duyğulu paylaşım edib.
Musavat.com xəbər verir ki, tanınmış aktrisa sosial şəbəkə hesabında atasının xatirəsini yad edərək bunları yazıb:“Səni unutmaq günahdır, amma unuduldun. Məhz bu gün – 28 may 1957-ci ildə Azərbaycanın üçrəngli bayrağını Qız qalasına ucaltdın. Bu addım Azərbaycan tarixinin ən cəsarətli addımlarından biri idi. Buna görə 10 il müddətinə azadlıqdan məhrum edilərək sürgünə göndərildin. Əzablar içində yaşadın, amma Vətən sevgisi səni əqidəndən döndərə bilmədi.
Sürgündən sonrakı həyatın da məşəqqətlərlə keçdi. Hər ay "KQB"-yə çağırılmağın, orada təzyiq və zorakılığa məruz qalmağın bu gün də gözlərimin önündədir. Bilirəm, bəlkə də ruhun bizdən inciyir. Amma əmin ol ki, qəlbində Vətən sevgisi daşıyan insanların yaddaşında hər zaman yaşayacaqsan, əziz atam Cahid Hilaloğlu...”
Qeyd edək ki, Cahid Hilaloğlu sovet dövründə milli azadlıq ideyalarını müdafiə edən fəallardan biri olub. O, 1957-ci il mayın 28-də — nın 39-cu ildönümündə Sovet hakimiyyətinə etiraz əlaməti olaraq Azərbaycanın üçrəngli bayrağını Qız Qalasının üzərinə sancıb. Bu cəsarətli addımına görə o, 10 il müddətinə azadlıqdan məhrum edilib, həmçinin siyasi fəaliyyət hüququndan məhrum olunaraq ağır təqiblərlə üzləşib. Buna baxmayaraq, Cahid Hilaloğlu həyatının sonuna qədər milli ideallarına sadiq qalıb.
Xatırladaq ki, Cahid Hilaloğlu Xalq artisti Naibə Allahverdiyevanın ögey atası olub və onun həyatında mühüm rol oynayıb.








