Dünya kinosu estetik plastik əməliyyat mövzusuna bizdən fərqli olaraq səthi və bayağı yanaşmır. Əksinə, bu mövzunu qadının cəmiyyət özü və zamanla mübarizəsinin simvolu kimi təqdim edir.
Məsələn, " Maddə " (The Substance) filmində gənclik arzusu tədricən insanın özünü itirməsinə çevrilir. Film sual yaradır ki, cəmiyyət qadından daim gənc görünməyi tələb edirsə, bu seçimi həqiqətən qadın özü edir, yoxsa onu buna məcbur edən gözləntilərdir?
"Ölüm ona yaraşır" filmində (Death Becomes Her) isə eyni problemi satira ilə göstərir rejissor. Filmdə qəhrəmanlar ölümsüz gözəllik uğrunda hər şeyi qurban verməyə hazırdırlar. Nəticədə film göstərir ki, zahiri görünüşə həddindən artıq bağlılıq insanı xoşbəxt etmir, əksinə, onu əsirə çevirir.
"Üzsüz gözlər" (Eyes Without a Face) filmində isə dəyişdirilən üz sadəcə üz deyil. O, insanın kimliyini, ləyaqətini və mənəvi sərhədlərini təmsil edir. Film estetik müdaxilənin etik tərəflərini də düşündürür.
Bu filmlərin heç biri plastik əməliyyatı qəti şəkildə pisləmir. Əksinə, onlar daha vacib bir sual verirlər: insan əməliyyat masasına həqiqətən öz istəyi ilə uzanır, yoxsa onu cəmiyyətin yaratdığı ideal görünüş anlayışı ora aparır?
Məhz buna görə dünya kinosunun ən güclü nümunələri plastik əməliyyatı, şöhrət ehtirasını və ya gözəllik kultunu birbaşa hədəfə çevirmək əvəzinə, bu hadisələrin arxasında duran psixoloji və sosial səbəbləri göstərir. Tamaşaçıya hökm vermir, onu düşündürür.
Məncə, sənətin gücü qışqırmaqda deyil. Sənətin gücü insanı səssizcə narahat edən suallar yaratmaqdadır.
Müəllif: Günel Musa - Mənbə: "DİA-AZ"

















