Ötən ilin iyul-avqust aylarında Azərbaycan neftinin çirklənməsi nəticəsində yaranan maliyyə itkiləri tam açıqlanmasa da, zərərin aradan qaldırılması üçün çəkilən xərclərin bir hissəsi bəlli olub. SOCAR-ın yaydığı maliyyə hesabatında 2025-ci ildə çirklənmiş neftlə bağlı 161 milyon manat ehtiyat ayrıldığı qeyd olunub.
Amma, Azərbaycandan neft ixracını həyata keçirən “BTC Co.” şirkətinin operatoru “bp-Azərbaycan” çirklənmiş neftin təmizləməsi və yenidən bazara çıxarılmasına çəkilən xərclərlə bağlı sualları cavablandırmaqdan imtina edib. Şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib ki, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin operatorluğu bu il iyulun 1-dən “SOCAR Midstream Operations” (SMO) şirkətinə keçib.
“Həmin tarixdən BTC-yə aid bütün sualları cavablandırmaq səlahiyyəti operator kimi SMO şirkətinə keçdiyindən, BTC ilə bağlı bütün sorğularınızı “SOCAR Midstream”ə ünvanlamağınız xahiş olunur”, – deyə o, bildirib.
“bp-Azərbaycan”ın ötən il BTC boru kəməri üzrə əsaslı xərcləri iki dəfə artıb. 2024-cü ildə BTC üzrə investisiya xərcləri təxminən 75 milyon manat olduğu halda, 2025-ci ildə əsaslı xərclər 167 milyon manata yüksəlib.
Ekspertlərin fikrincə, bu kəskin artım Ceyhan terminalında çirklənmiş neftin təmizlənməsi üçün görülən texniki tədbirlərlə bağlı xərclər ola bilər.
Qəzetçi məsələyə aydınlıq gətirmək üçün “bp-Azərbaycan”a sorğu göndərib. Şirkət cavabında bildirib ki: “BTC-nin istər əvvəlki operatoru olan “bp-Azərbaycan”, istərsə də hazırkı operatoru SMO olsun, hər iki halda operator BTC şirkətinin adından danışmalıdır, şirkət ayrıca bir qurum kimi öz adından danışa bilməz. Sualın cavabı üçün onlar keçmiş operator kimi bizəmi müraciət edəcəklər, ya məlumatı arxivlərimizdənmi götürəcəklər – bu qərarı yalnız onlar özləri verirlər, biz yox”.
Xatırladaq ki, 2025-ci ilin iyul və avqust aylarında Türkiyənin Ceyhan terminalında satışa çıxarılan Azərbaycanın “Azeri Light” markalı xam neftində normadan artıq üzvi xlorid aşqarının aşkarlanması beynəlxalq qalmaqala səbəb olmuşdu.
İlk olaraq İtaliyanın “Eni” şirkəti emal zavodlarına zərər vuran çirklənmiş neft partiyaları barədə “BTC Co.”nun operatoru olan “bp”ni məlumatlandırmışdı.
Bundan əlavə, Rumıniyanın “Petrom SA” şirkətinin Azərbaycandan aldığı 184 min ton xam neftdə xlorid aşkarlanmış, ölkənin Energetika Nazirliyi fövqəladə vəziyyət elan edərək Avropa Komissiyasına müraciət etmişdi.
Bundan sonra, Avstriya və Çexiyadakı neft emalı zavodları da müvəqqəti olaraq Azərbaycan neftini qəbul etməkdən imtina etmişdilər.
Həmin dövrdə “Reuters” agentliyi xəbər verirdi ki, çirklənmə “Azeri Light” neftinin kəskin ucuzlaşmasına və yükləmələrdə bir neçə günlük gecikmələrə səbəb olmuşdu.
Rumıniya mediası isə neftin çirklənməsində Rusiya izlərinin olması ilə bağlı iddialar irəli sürürdü. “G4Media” yazırdı ki, Rumıniya hökuməti sözügedən məsələdə Rusiya xüsusi xidmət orqanlarının əlinin olub-olmadığını və hadisədən Avropanın enerji təhlükəsizliyinə qarşı “hibrid müharibə” vasitəsi kimi istifadə edilib-edilmədiyini araşdırır.
Azərbaycan hökuməti və “bp” həmin dövrdə bu iddiaları şərh etməyib. Lakin 2025-ci ilin sentyabrında SOCAR-da müxtəlif rəhbər vəzifələrdə çalışmış Adnan Əhmədzadənin həbsi ilə “Rusiya təxribatına” dair səsləndirilən iddiaları rəsmi Bakı dolayısı yolla təsdiqləmiş oldu.
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan Əhmədzadə barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir.
O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur. Hökumət mediasında keçmiş SOCAR əməkdaşının “Azeri Light” markalı xam neftini Rusiya mənşəli xam neftlə qarışdırması ilə bağlı ittihamlar səsləndirilib.
Hələlik, SOCAR-la “bp” çirklənmə nəticəsində dəymiş zərərin həcmi və qarşı tərəflərə ödənilən kompensasiyalar barədə detallı rəsmi açıqlama verməyib.









