27 avqustda Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evinin qarşısında naməlum şəxslər tərəfindən Azərbaycan əleyhinə şəkillər yerləşdirilməsi sıradan bir küçə aksiyası kimi qiymətləndirilə bilməz. Hadisənin Azərbaycan diplomatik nümayəndəliyinin qonaq evinin qarşısında baş verməsi onun siyasi və diplomatik çəkisini artırır. Söhbət başqa dövlətin ərazisində Azərbaycanın rəsmi diplomatik fəaliyyətinə aid obyektdən gedirsə, məsuliyyət yalnız həmin şəxslərin müəyyənləşdirilməsi ilə bitmir. Hadisə fonunda rəsmi Moskvanın belə insidentlərin qarşısını almaq və diplomatik obyektlərin təhlükəsizliyini təmin etmək öhdəliyi də gündəmə gəlir. Təxribatın Azərbaycan-Rusiya münasibətlərinin həssas mərhələsində baş verməsi xüsusi diqqət tələb edir. Belə təxribatlar iki ölkə arasında mövcud fikir ayrılıqlarını dərinləşdirə, ictimai rəydə qarşıdurmanı qızışdıra və münasibətlərə əlavə gərginlik gətirə bilər. Xüsusilə də, Azərbaycan tərəfinin Rusiyanın bəzi media resurslarında Azərbaycana qarşı kampaniya aparıldığını vurğulaması göstərir ki, Bakı hadisəyə təkcə lokal insident kimi baxmır. Azərbaycanın reaksiyası tam ölçülü, prinsipialdır. Rəsmi Bakı hadisəni dərhal iki ölkə arasında dövlətlərarası qarşıdurmaya çevirmir, lakin məsuliyyəti də kiçiltmir.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən politoloq Yusif Bağırzadə deyib ki, Moskvada Azərbaycanın diplomatik nümayəndəliyinə qarşı baş verən təxribatı yalnız bir qrup radikalın küçə aksiyası kimi təqdim etmək hadisənin siyasi mahiyyətini kiçiltmək deməkdir.
Y.Bağırzadə bildirib ki, xüsusilə, Rusiyada sosial şəbəkələrdə adi paylaşım və hətta bəyənmə işarəsinə görə insanların məsuliyyətə cəlb edildiyi, tək nəfərlik piketlərə belə sərt müdaxilələrin baş verdiyi bir şəraitdə Azərbaycan səfirliyinə qarşı siyasi xarakterli aksiyanın dövlət strukturlarının diqqətindən tamamilə kənarda qalması ciddi suallar doğurur: “Rusiyada hakimiyyət üçün arzuolunmaz hesab edilən istənilən ictimai fəallıq bu qədər operativ şəkildə nəzarətə götürülürsə, onda Azərbaycan diplomatik nümayəndəliyinin qarşısında keçirilən belə aksiya necə və hansı şəraitdə mümkün olub? Demək ki, bu aksiya da artıq uzun müddətdir, Rusiya media qurumlarında Azərbaycana qarşı həyata keçirilən hücumlar kimi birbaşa Kreml tərəfindən sanksiyalaşdırılıb. Baş verənlər ilk və tək hadisə deyil. Rusiyada azərbaycanlıların saxlanılması, zorakılığa məruz qalması və digər təzyiq xarakterli hallar, eləcə də Rusiya ərazisində Azərbaycan vətəndaşlarına qarşı sərt davranışlar iki ölkə münasibətlərində ciddi suallar doğurur. Üstəlik, Ukraynadakı müharibə çərçivəsində Azərbaycanın diplomatik nümayəndəliyinin dəfələrlə zərər görməsi də yaddaşdan silinməyib. Belə mənzərə fonunda Moskvanın hansı siyasi nəticəyə nail olmağa çalışdığı anlaşılan deyil. Kreml hesab edirsə ki, Azərbaycan bütün bunların qarşısında susacaq, bu, ciddi yanlış hesablamadır. Azərbaycan öz xarici siyasətini milli maraqları əsasında müəyyən edir və heç bir dövlətlə münasibətlərində diktə dilini qəbul etmir. Rusiyanın Qərblə qarşıdurma və ağır sanksiyalar şəraitində olduğu bir vaxtda Azərbaycanla əlavə düşmənçilik yaratması Moskva üçün hər hansı real siyasi qazanc vəd etmir. Bunu nəhayət ki, Rusiya tərəfi də anlamalı və buna uyğun davranış sərgiləməlidirlər. Ukraynada “bir neçə günə” əldə olunacağı düşünülən nəticənin artıq illərlə uzandığı, Rusiyanın iqtisadi və siyasi təcrid təzyiqləri ilə üzləşdiyi şəraitdə Cənubi Qafqazda yeni qarşıdurma cəbhəsi yaratmaq yalnız Moskvanın öz regional mövqeyini zəiflədə bilər. Rusiya nəhayətdə anlamalıdır ki, postsovet məkanı artıq keçmiş SSRİ deyil. Azərbaycan da daxil olmaqla, bu dövlətlər suverendir və onlarla münasibət yalnız bərabərhüquqluluq, qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri əsasında qurula bilər. Moskva bu reallığı nə qədər gec qəbul etsə, qonşuları ilə bir o qədər çox problem yaşayacaq. Azərbaycana qarşı təxribat və təzyiq dili isə Bakının siyasətini dəyişdirməyəcək. Əksinə, bu cür addımlar Azərbaycanın öz milli maraqlarına əsaslanan müstəqil siyasətini daha da möhkəmləndirəcək. Bir sözlə, Azərbaycanla diktə dili işləməyəcək”.
Politoloq Rəşad Bayramov isə deyib ki, Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evinin qarşısında baş verən son təxribatı sadəcə bir neçə naməlum şəxsin törətdiyi adi insident kimi qiymətləndirmək doğru olmaz:
“Söhbət xarici dövlətin diplomatik nümayəndəliyinə məxsus obyektin qarşısında Azərbaycan əleyhinə təxribat xarakterli materialların yerləşdirilməsindən gedir. Belə bir hadisə həm siyasi, həm də diplomatik baxımdan ciddi məsuliyyət doğurur. Odur ki, Azərbaycan Xarici İşlər Nazirliyinin hadisəyə sərt reaksiya verməsi və Rusiyanın aidiyyəti qurumlarından araşdırma, hüquqi qiymət və belə halların təkrarlanmaması üçün tədbirlər tələb etməsi tamamilə əsaslıdır. Burada əsas məsələ, hətta təxribatı törədən şəxslərin kimliyi ilə də bağlı deyil, əsas olan Rusiyanın ev sahibi dövlət kimi öz üzərinə götürdüyü məsuliyyəti nə dərəcədə yerinə yetirməsidir. Azərbaycan öz ərazisində fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklərin, o cümlədən Rusiyanın diplomatik obyektlərinin təhlükəsizliyini təmin edir. Bu, Azərbaycanın dövlətçilik mədəniyyətinin və beynəlxalq öhdəliklərinə münasibətinin göstəricisidir. Eyni münasibətin Rusiyadan gözlənilməsi isə tamamilə təbiidir. Əgər Rusiya öz ərazisində Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyini təmin edə bilmirsə və ya bunu bilərəkdən təmin etmirsə, bu, artıq təkcə polis səviyyəsində məsələ deyil, dövlət məsuliyyəti məsələsidir. Daha ciddi məqam isə bu hadisənin son aylarda Rusiyanın informasiya məkanında Azərbaycana qarşı müşahidə olunan sistemli və aqressiv ritorikanın fonunda baş verməsidir. Ayrı-ayrı media resurslarında, “Teleqram” kanallarında və Rusiyanın siyasi dairələrinə yaxın şəxslərin çıxışlarında Azərbaycana qarşı təzyiq, ittiham və təhqir kampaniyasının genişlənməsi təsadüfi proses sayıla bilməz. Bu səbəbdən Kreml məsuliyyətdən kənarda dayanaraq “Bu bizim dövlət siyasətimiz deyil” arqumentinin arxasında gizlənməməlidir. Rusiyanın dövlət nəzarətində olan informasiya məkanında Azərbaycan əleyhinə ritorika sistemli şəkildə yayılırsa, dövlət qurumları buna münasibət bildirmir və ardınca Moskvada Azərbaycan diplomatik obyektinin qarşısında təxribat baş verirsə, burada siyasi və hüquqi məsuliyyət məsələsi ortaya çıxır. Rusiyada xüsusilə də Ukrayna ilə müharibə fonunda istənilən sahədə sərt nəzarətin olduğu bir vaxtda bu hadisələr heç bir halda rəsmi Kremlin razılığı olmadan həyata keçirilə bilməz. Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar və ona görə də bu cür metodlara əl atırlar. Rusiya anlamalıdır ki, Azərbaycan heç bir dövlətlə münasibətlərində qarşılıqlılıq prinsipindən geri çəkilməyəcək. Rusiya Azərbaycandan öz təhlükəsizliyinə hörmət gözləyirsə, eyni hörməti Azərbaycana da göstərməlidir. Əks halda Moskvanın “strateji tərəfdaşlıq” barədə siyasi bəyanatları real davranışla ziddiyyət təşkil edəcək”.














