Mingəçevir Turizm Kollecində tələbələrdən müxtəlif adlar altında məcburi pul yığımı həyata keçirilir.
Məlumata görə, kollecdə keçiriləcək məzun günü tədbiri üçün hər bir tələbədən məcburi şəkildə 20 manat tələb olunur. Tələbələrə bildirilib ki, tədbirdə iştirak etməyən və tələb olunan məbləği ödəməyən şəxslər buraxılış imtahanlarında problemlərlə üzləşdirilə bilər. Bu isə həm tələbələr, həm də valideynlər arasında ciddi narazılıq yaradıb.
Şikayətdə qeyd olunur ki, bundan əvvəl tələbələrdən guya toy məclisi təşkil etmək adı ilə 65 manat pul yığılması planlaşdırılırdı. Yalnız Elm və Təhsil Nazirliyinin bu kimi halları qadağan edən tapşırığından sonra həmin təşəbbüs dayandırılıb.
Bununla yanaşı, kollecdə təxminən 1500 tələbənin təqaüdündən hər ay 2 manat məcburi şəkildə tutulduğu iddia edilir. Rəhbərlik bunun “kimsəsiz tələbələrə yardım” məqsədi daşıdığını bildirsə də, tələbələr yardımın könüllü deyil, məcburi şəkildə həyata keçirildiyini vurğulayırlar.
Mənbə kollecdə fəaliyyət göstərən Həmkarlar Təşkilatının fəaliyyəti ilə bağlı da sualların yarandığını qeyd edir. Belə ki, tələbələrdən yığılan həmkarlar haqlarının hansı istiqamətlərə xərcləndiyi barədə şəffaf məlumat verilmir.
Şikayətdə kollecin keçmiş direktoru Əyyub Əyyubovun da vaxtilə korrupsiya iddiaları səbəbindən vəzifədən uzaqlaşdırıldığı xatırladılır və hazırkı direktor Kamal Əhmədovun dövründə də tələbələrdən müxtəlif adlarla pul yığılması hallarının davam etdiyi bildirilir.
Narazı tələbə və valideynlər aidiyyəti qurumlardan Mingəçevir Turizm Kollecində baş verən bu iddiaların araşdırılmasını, qanunsuz pul yığımı hallarına son qoyulmasını və məsul şəxslər barədə tədbir görülməsini tələb edirlər.
Gundemxeber.com









