Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan İrəvanın Rusiyadakı yeni səfiri ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Ermənistan Baş naziri Nikol Paşinyan hazırkı səfir Qurgen Arsenyanı geri çağırmaq qərarına gəlib. Qeyd edilib ki, onun yerinə bir neçə namizəd müzakirə olunsa da, xarici işlər naziri Ararat Mirzoyan öz müavinini Rusiyaya göndərməyə meyllidir.
Mnatsakan Səfəryanın Rusiya xarici işlər naziri Sergey Lavrov, eləcə də Moskvanın siyasi-diplomatik dairələri ilə yaxşı əlaqələrə malik olduğu deyilir. Digər tərəfdən, o, çoxvektorlu diplomatiyanın tərəfdarıdır.
Ermənistan mediası bundan əvvəl Nikol Paşinyanın Qurgen Arsenyanın fəaliyyətindən narazı olduğunu yazmışdı. Baş nazir onun gərgin Ermənistan-Rusiya münasibətlərini normallaşdıra bilməməsindən narazıdır.














