
SOCAR idarələrində ötən ildən başlayan ixtisarlar nəticəsində təxminən 20 minə yaxın insan işini itirib.
Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə danışıb.
Onun sözlərinə görə, ixtisarlar optimallaşdırma, struktur dəyişikliyi və sair adlarla həyata keçirilib:
“Elə variantlar qururlar ki, Dövlət Neft Şirkətinin işçilərinin ümumi sayında çıxarılanların real sayı hiss olunmur. Aşağılarda işləyənləri kütləvi ixtisar edib, yuxarı yerlərdə vəzifəlilərin sayını artırıblar. SOCAR baş ofisində, idarələrində yeni departamentləri yaradıblar. Baş ofisdə artıq 70-ə yaxın departament var”
Mirvari Qəhrəmanlının sözlərinə görə, ümumi baxışda 4 min işçinin ixtisar edildiyi deyilsə də, hesablamalar daha çox insanın ixtisarların qurbanı olduğunu göstərir.
“Bizim təşkilatın hesabladığı metodla daha çox olduğu görünür. SOCAR-ın müxtəlif idarələrində, müəssisələrində 60+ və 50 yaşlı işçiləri məcburi psixoloji təzyiq göstərərək ərizə yazdırıblar”.
Təşkilat sədri deyir ki, bunların hamısını nəzərə alsaq, 20 minə yaxın işçi ixtisar edilib. Bunların da 90 faizə yaxını peşəkar işçilər olub.
















