Hərə bir tərəfdən cəmiyyəti dağıtmağa çalışır, ya mənə belə gəlir. Məsələn, biri əqidli dindardır, durmadan dindarlığını gözə soxur, o birisi əqidəli ateistdir, gündə üç dəfə yeməkdən sonra Allahın varlığını inkar edir.
Nə xəbərsiniz?!
İnanclısan, lap yaxşı, inancsızsan, çox gözəl. Gedin, sakitcə oturun, inancınızı, inancsızlığınızı yaşayın. Bu aqressiyadır, bir-birinizə və topluma püskürürsünüz?! Sənin dindarlığından bizə nə?! Sənin dinsizliyindən bizə nə?! Niyə sosial mediada, yəni sosial mühitdə qırğın salıb, bir-birinizi aşağılayırsınız, hətta hədələyirsiniz?! Müzakirə etmək olar, lap mübahisə də etmək olar (bunlar təbiidir, hətta faydalıdır), ancaq həddi, mənəvi sərhədləri, "qırmızı xətt"ləri keçmək olmaz.
Yeni nəsillər "rəqəmsal kapitalizm" formasiyasından doğulub, göbəkləri sosial mediada kəsilib, süni intellektlə böyüyür. Uşaqlar belə daxil, bütün millət onlayndır; Dünyanı barmağının ucunda... fırladır.
Bəs bizim onlara təklif elədiyimiz, hətta təkidlə təlqin elədiyimiz nədir?!
Dəyərlərin dəyərsizləşdirilməsi, insanların bir-birini təhqir etməsi, bir-birinə qarşı qəzəb, aqressiya püskürməsi, zorakılığa mənəvi legitimlik qazandırmaq cəhdi...
Koroğluya hərəmiz bir cür yanaşarıq; qəhrəmanmış, qəhrəman deyilmiş. Onsuz da mifik obrazdır; mifin nəyindən mədəd umacam?! Mənimlə eyni dövrdə yaşamış şəhidlər var, mənimlə eyni dövrdə yaşayan qazilər var: mən qəhrəman sarıdan korluq çəkmirəm. Nə qədər desən, müsbət örnək alacağım, mənəvi güc alacağım qəhrənanlarım var. Koroğlu bu qəhrəmanlara çoxdan uduzub. Mən belə düşünürəm. Bunu qoyaq bir tərəfə. Məgər bu saat bizim problemimiz Koroğlunun cinsi orientasiyasıdır ki?! İndi iş-gücümüzü atıb, bunu müzakirə etməliyik?! Nə edəcəyik: Koroğlunu tibbi ekspertizaya göndərəcəyik?! Bu nə ucuz söhbətlərdir?! Yaxud etnik azlıqlarla bağlı söhbətlərə gələk. Bir siyasətçi Azərbaycandakı etnik azlıqlardan birinin adı ətrafında ajiotaj yaradıb, bir dəstə də qoşulub ona, aləm dəyib bir-birinə. O biri siyasətçi də götürüb, 2019-cu ilin siyahıyaalmasının nəticələrini - Azərbaycanda hansı milliyyətə mənsub insanların nə qədər olduğuna dair statistikanı paylaşıb. O saat bir dəstə də bu yandan çıxıb , deyir ki, onun mənsub olduğu xalqın sayını az göstəriblər...
Siz Allah heç bunların yeridir?! Niyə ortalığı qarışdırırsınız, xanımlar və bəylər?! Qaşınmayan yerdən qan çıxarmaq bizə lazım deyil axı. Belə şeylər etməyin. Etnik, dini və sair fərqləri siyasətin, ictimai müzakirələrin mərkəzinə gətirib, cəmiyyətə çat salmaq, yaxud varsa, o çatları dərinləşdirmək doğru deyil. Bunları dayandırın, Allah və millət xatirinə.











