Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni Konstitusiya layihəsinin ilin sonunadək ictimaiyyətə təqdim ediləcəyini açıqlaması Azərbaycan-Ermənistan sülh prosesinin gələcək mərhələsi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Rəsmi Bakının sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biri hesab etdiyi Konstitusiya dəyişikliyinin seçki prosesindən sonrakı dövrə saxlanılması yekun razılaşmanın vaxtına dair müxtəlif suallar doğurur.
Bu addım Ermənistanın daxili siyasi zərurətlərindən irəli gələn taktiki qərardır, yoxsa sülh öhdəliklərinin icrasını uzatmağa hesablanmış gedişdir? Konstitusiya islahatlarının ləngiməsi sülh sazişinin imzalanmasına nə dərəcədə təsir göstərə bilər və bu şəraitdə Azərbaycanın mövqeyi necə olmalıdır?
Mövzu ilə bağlı Moderator.az-a DİA-nın siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, "Bakı Politoloqlar Klubu" İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov açıqlama verib.
Politoloq qeyd edib ki, hazırda sülh prosesi gedir və Azərbaycanın da istəyi ondan ibarətdir ki, əgər sülh müqaviləsinin imzalanması gecikirsə, ümumi qəbul edilmiş qərarların icrasının uzadılmaması üçün sülh prosesinin davam etdirilməsi vacibdir:
"Yəni sülh prosesi və sülh müqaviləsi bir-birinə mane olmamalıdır. Nəticə etibarilə, prosesin özü sülhün möhkəmləndirilməsinə xidmət edir və bunun nəticəsi olaraq sülh müqaviləsinin imzalanmasına şahidlik edə bilərik. Sülh müqaviləsinin imzalanması üçün ən böyük maneə məhz Ermənistan Konstitusiyası və Ermənistanın hüquqi normativ aktlarıdır.
Bu məsələ aradan qaldırılmalıdır və bunun üçün müəyyən gedişatı gözləmək lazımdır.
Hazırda işlər gedir və bu proses başa çatdıqdan sonra sülh müqaviləsinin imzalanmasına şahidlik edəcəyimizə ümid edirik. Ermənistandakı seçkilərin nəticələri göstərir ki, hələ həllini tapmamış məsələlər qalır və onlar bu və ya digər şəkildə öz həllini tapmalıdır.
Bu gün Ermənistan parlamentində müxalifətin sayının nə qədər olacağı da hələ bəlli deyil. Çünki artıq müəyyən imtinaların şahidi oluruq. Eyni zamanda hakim partiyanın tərəfinə keçə biləcək nümayəndələrin olub-olmaması məsələsi də hələ sual altındadır.
Bu kontekstdə, yay tətilinə gedərkən erməni parlamentariləri referendumla bağlı çox vacib qərar qəbul etdilər. Bütün bunlar əslində hazırlıq prosesindən xəbər verir və nəticə etibarilə müəyyən müddətdən sonra yeni bir səhifənin açılmasına da şahidlik edə bilərik. Hazırda Azərbaycan və Ermənistan arasında dialoq davam edir.
Bu, həm delimitasiya və demarkasiya ilə bağlı danışıqları, həm də Zəngəzur dəhlizinin açılması məsələsini əhatə edir. Sülh müqaviləsi olmadan delimitasiya və demarkasiya prosesinin tamamlanmasına böyük ehtimalla şahidlik edə bilmərik. Amma buna qədər nəqliyyat, kommunikasiya və ticarətlə bağlı yeniliklərin şahidi ola biləcəyik".











