İki gün əvvəl yazdığım statusla bağlı daha bir məqama aydınlıq gətirmək istəyirəm.
Həmin statusdakı redaktor Şərif Ağayar idi. Ancaq yazının məqsədi Şərifi nə vicdansız, nə də ədalətsiz bir insan kimi təqdim etmək deyildi. Əslində, mövzu heç Şərif də deyildi, ev məsələsi də deyildi.
Mənim toxunmaq istədiyim problem daha dərindir. Məsələ media rəhbərlərinin – "kapitan"ların və daha yüksək instansiyaların bütöv bir redaksiyanı, onlarla əməkçi jurnalisti şəxsi maraqlarına görə çörəklə imtahana çəkməsidir.
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir. İctimai məsələlərə münasibət bildirməkdən çəkinir. Çünki bilir ki, bir telefon zəngi, bir narazılıq kifayətdir. Sonra redaktorun qarşısına çağırılır, statusunu sildirməyə məcbur edilir və ya başqa formada təzyiqlə üzləşir.
Bəli o vaxt mənim statusumun silinməsini istəyən redaktor Şərif Ağayar idi. Amma hadisənin görünməyən tərəfi də vardı. Şərf hesab edirdi ki, Kulis ədəbiyyat saytıdır və ciddi qələm adamı belə müraciət etməməlidir Özü də etmirdi. O özü də illərlə mətbuatda çalışıb heç bir ədalətli dəyərini almayan adamdı. Başqa bir məsələ müxbirin yazdıqlarına görə təzyiq təkcə ona yox, redaktora da yönəlir. O da yuxarıdan gələn təzyiqin içində olur. Mən yazımı kimisə gözdən salmaq üçün yox, öz həyatımın bir hissəsini danışmaq üçün yazmışdım. Söhbət elə bir media mühitindən gedir ki, orada redaktor da, jurnalist də çox vaxt sərbəst qərar verə bilmir. Belə mühitdə sözün sahibi yazıçı və ya jurnalist olmur, görünməyən münasibətlər şəbəkəsi olur.
Oxucular və izləyicilər tez-tez jurnalistləri ittiham edirlər: "Niyə filan mövzudan yazmırsınız?", "Niyə susursunuz?", "Qorxursunuz?" Kənardan baxanda bu suallar haqlı görünə bilər. Amma çox vaxt görünməyən tərəf nəzərə alınmır. İnsanlar yazının müəllifini görürlər, yazının arxasındakı çörək dərdini, redaksiya daxilindəki təzyiqləri, telefon zənglərini, "bunu sil", "bunu dəyiş", "bu barədə yazma" göstərişlərini isə görmürlər. Jurnalist öz problemini belə qabardanda təzyiq görürsə görün vəziyyət necə acınacaqlıdır
Bu, jurnalistləri tamamilə məsuliyyətdən azad etmir. Amma onların hamısını eyni ölçü ilə mühakimə etmək də ədalətli deyil. Çünki bəzən bir jurnalistin susmasının səbəbi cəsarətsizlik yox, onun arxasında dayanan görünməz idarəetmə mexanizmidir. Azərbaycanda bir çox media qurumunda təkcə xəbərlər deyil, jurnalistin şəxsi Facebook statusu belə redaksiya rəhbərliyinin nəzarətindən kənarda qalmır.
O boyda yazıçını belə xırda qeybətlə narahat ediblər. Üstəlik mənim Şəriflə heç bir şəxsi problemim yoxdur. Düzdü onunla çox davamız da olub, ən rahat etiraz edə bildiyim redaktorum olub. Hətta işdən onunla dalaşıb çıxmışam. Arada söz gəzdirənlərin fitfasına gedib Şəriflə küsdüyüm vaxtlar da olub. Amma mən heç vaxt Şərifi vicdansız adam kimi qələmə verməmişəm.
Müəllif: Günel Musa - Mənbə: "DİA-AZ"
















