Xalq şairi Sabir Rüstəmxanlı dağətəyi rayonlarda sel fəlakətlərinin yaratdığı problemlərlə bağlı paylaşım edib.
"Bakupost" xəbər verir ki, o yay aylarında kiçik arxlara çevrilən dağ çayları leysan yağışları və qar sularının əriməsi nəticəsində məcrasından çıxaraq yüzlərlə metr əraziyə yayıldığını, evlərə, yollara, əkin sahələrinə və bağlara ciddi ziyan vurduğunu bildirib.
Xalq şairinin sözlərinə görə, bunun əsas səbəblərindən biri çay yataqlarının illər ərzində daş, qum və çınqılla dolaraq dayazlaşmasıdır. Onun fikrincə, sel təhlükəsinin qarşısını almaq üçün çay yataqları ilboyu nəzarətdə saxlanılmalı, selin gətirdiyi daş və çınqıl mütəmadi təmizlənməlidir.
Sabir Rüstəmxanlı qeyd edib ki, yerli əhalinin çay yataqlarındakı təbii tikinti materiallarından istifadə etməsinə icazə verilmir:
“Vaxtilə Balakənin, Zaqatalanın, Qaxın bütün gözəl evləri bu çay daşından tikilirdi. Dövlət müəssisələri, tikinti şirkətləri on illər boyu daşısa da, bu daş-çınqıl tükənməz. Bəs onda əhali əlinin altındakı bu tikinti materialından niyə məhrum olmalıdır?”
O bildirib ki, nəticədə çay yataqları daş və çınqılla dolu qalır, növbəti sel isə daha geniş əraziləri dağıdır. Bununla yanaşı, sel nəticəsində zərər çəkmiş sakinlərə ev və hasarlarını bərpa etmək üçün belə çaydan bir maşın qum və ya çınqıl götürməyə icazə verilmir.
“Kənardan gələn şirkətlər daşıya bilər, yerli camaat toxuna bilməz. Ekoloji xeyir verməkdənsə, ekoloji ziyan vuran bu gülünc qadağanı kim aradan qaldıracaq?!” – deyə Xalq şairi vurğulayıb.






