Ermənistan mediası yeni absurd iddia irəli sürüb. İddiaya görə Zəngəzur dəhlizinin açılması üçün Naxçıvanın statusunu dəqiqləşdirmək lazımdır. Guya ki, bir müddət əvvəl Naxçıvan MR - nın Konstitusiyasında edilən dəyişikliklərlə 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələrinə istinadın Konstitusiyadan çıxarılması muxtar respublikanın statusunu aydınlaşdırmayıb və bu status yalnız Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsi ilə müəyyən edilə bilər. Guya ki, məhz buna görə də Azərbaycan Ermənistan Konstitusiyasında dəyişikliklər tələb edir.
Belə absurd iddialar Azərbaycana qarşı hibrid müharibənin, siyasi-psixoloji və informasiya mübarizəsinin tərkib hissəsi olmaqla mövcud geosiyasi və hüquqi reallığı deyil, daha çox qərəzli interpretasiyanı və xəstə erməni təxəyyülünü əks etdirir.
Məsələ bundan ibarətdir ki, Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirəcək bizim “Zəngəzur dəhlizi” adlandırdığımız, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair 8 avqust 2025-ci ildə ABŞ prezidenti Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamədə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlandırılan regional bağlantı layihəsinin gerçəkləşməsi Naxçıvanın statusunun asılı deyil və Azərbaycan buna görə Ermənistan konstitusiyasında dəyişiklik tələb etmir. Azərbaycanın tələb etdiyi konstitusiya dəyişikliyi hər iki ölkənin xarici işlər nazirləri tərəfindən artıq paraflanmış “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in imzalanması ilə birbaşa əlaqədardır.
Azərbaycanın Ermənistan Konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəaların, o cümlədən keçmiş Dağlıq Qarabağ ərazisinin Ermənistan ərazisi kimi müəyyən edən Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tələb edir. Ermənistan hakimiyyəti də bu tələbi haqlı sayaraq və “real Ermənistan” konsepsiyasını əsas götürərək Konstitusiya dəyişikliyini öhdəsinə götürüb.
Naxçıvanın statusunun yalnız Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsi ilə müəyyən edilə bilməsi haqqında iddiası isə o qədər mənasız və sarsaq fikirdir ki, bunu normal məntiqlə şərh etmək də qeyri mümkündür. Azərbaycanın beynəlxalq birlik, o cümlədən Ermənistan tərəfindən rəsmən tanınmış ərazisinin qonşu dövlətin konstitusiyası ilə müəyyənləşməsi fikri yalnız xəstə erməni təfəkkürü tərəfindən irəli sürülə bilər.
Müəllif: Qulamhüseyn Əlibəyli - Mənbə: "DİA-AZ"








