Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Əşrəf Yusifzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2024-cü il Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Publika” restoranında qeydə alınıb.
Belə ki, zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) restoranda olarkən digər müştərilərin narahatlığına səbəb olub. Bu səbəbdən təqsirləndirilən şəxs ondan obyekti tərk etməsini xahiş edib. Lakin zərərçəkmiş şəxs həmin tələblə razılaşmayaraq Əşrəfə qarşı nalayiq ifadələr işlədib. Bundan sonra tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Mübahisə zamanı təqsirləndirilən şəxs qəsdən S.S.-in sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurub. Hadisə nəticəsində zərərçəkmiş şəxsin burun sümüyündə ikili yerdəyişən sınıqlar əmələ gəlib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Əşrəf Yusifzadə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib və Əşrəf Yusifzadəyə həmin maddə ilə 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin Qərarının 5.1-ci maddəsi tətbiq edilərək, təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan azad olunub. O, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilib. Əşrəf Yusifzadə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.
Hökmdən narazı qaln zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 221.2.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməklə ittihamedici hökm çıxarılmasını xahiş etmişdi.








