Bu ilin fevral ayında fəaliyyətə başlayan “Spartak Quba” MMC (VÖEN – 4503844041) son bir ayda Rusiyaya ən çox məhsul ixrac edən Azərbaycan şirkətləri arasında 2-ci sıraya yüksəlib.
Yeniavaz.comaçıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Spartak Quba” MMC son bir ayda Rusiyanın müvafiq dövlət qurumlarına 153 gömrük bəyannaməsi təqdim edib.
Qeyd edək ki, “Spartak Quba” MMC Rusiyaya əsasən təzə kartof ixrac edib. Bundan başqa, son bir ayda şirkət Rusiyaya çiyələk və albalı da göndərib.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 manat olan “Spartak Quba” MMC-nin hüquqi ünvanı Quba rayonunun Mirzəməmmədkənd kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Qonaqov Vüqar Fiyəddin oğludur.
Onu da qeyd edək ki, Vüqar Qonaqov “Xəyal” televiziyasının keçmiş icraçı direktoru olub. Vüqar Qonaqov 2012-ci il martın 1-də Quba şəhərində icra başçısı Rauf Həbibovun evinin yandırılması ilə nəticələnən qarşıdurmadan sonra həbs edilib. V. Qonaqov Quba Rayon İcra Hakimiyyətinin başçısının çıxışını kontekstdən çıxararaq başqasına verməkdə və nəticədə həmin videonun əhalinin narazılığına səbəb olmasında ittiham edilib.
Qonaqov 1 il həbsdə saxlanıldıqdan sonra barəsində 3 il şərti cəza hökmü çıxarılıb və o, məhkəmə zalında azad edilib. Vüqar Qonaqov mətbuata verdiyi açıqlamalarda ittihamları qəbul etmədiyini bildirib.









