Təklif: Azərbaycanda təhsilin inkişafını istəyiriksə, Elm və Təhsil Nazirliyi ləğv edilsin. Kənd təsərrüfatı sahəsində də böyük tərəqqi əldə etmək şərtdisə, bu adda nazirlik olmasın. Tam ciddi deyirəm.
Əslində mənim bu fikrimi təxribatçı ton kimi qəbul da edə bilərlər. Amma gəlin digər məsələyə, yəni əlahəzrət məntiqə nəzər salaq. Tam əminliklə deyə bilərəm ki, təhsilin və ya kənd təsərrüfatının problemləri nazirliklərin mövcudluğundan qaynaqlanır. Biz Finlandiya, Sinqapur və Cənubi Koreya deyilik ki, nazirliklər dövlət təhsil siyasətini mükəmməl müəyyən etsin. Bacarmırıq da. 30 ildir eyni şeyi deyirik. Bizim sistemdə nazirliklərin mövcudluğu özü-özlüyündə problemdir.
Mahiyyətləri də budur: həddindən artıq bürokratiya, mərkəzləşmə və pis idarəçilik. Əgər məktəb, universitet və yerli qurumlara daha çox səlahiyyət verilsə və nəticəyə görə hesabatlılıq artsa, sizi əmin edirəm ki, bu sahələrdə inkişaf tempi sıçrayışla müşahidə olunar. Bu nazirliklər isə çoxsaylı idarələrlə, şöbələrlə lazımlı-lazımsız sənəd dövriyyələrinə zəmin yaradır ki, bu da təbii olaraq fəaliyyətin formal xarakter daşıdığını qabardır.
Əlbəttə, "nazirlik ləğv edilməlidir" deməkdənsə, "nazirliyin funksiyaları yenidən qurulmalı, daha effektiv və hesabatlı sistem yaradılmalıdır" deyə düşünənlər də var. Onlar bu qənaətdədirlər ki, hər bir ölkədə təhsil standartlarını müəyyən edən, müəllim hazırlığını koordinasiya edən və dövlət siyasətini həyata keçirən hansısa mərkəzi quruma ehtiyac var. Varsa, bəs hanı o fəaliyyət? Bizdə böyük büdcə hesabına formalaşan qurumlar ancaq və ancaq zəif nəticələr göstərir hələ ki...
Odur ki, gəlin bu təklifi də ciddiyə alaq.
Müəllif: Fadil Paşayev - "DİA-AZ"










