Böyük Britaniya, Almaniya, İtaliya və Fransa İran və ABŞ arasında əldə edilən razılaşmanı alqışlayıblar.
Teleqraf AFP-yə istinadla xəbər verir ki, birgə bəyanatda dörd Avropa ölkəsinin liderləri Tehranın nüvə fəaliyyətini açıq şəkildə davam etdirəcəyi təqdirdə ona qarşı sanksiyaları ləğv etməyə hazır olduqlarını bildiriblər.
Kommünikeyə əsasən, G4 ölkələri İranın nüvə proqramı ilə bağlı "aydın və təsdiqlənə bilən hərəkətlərinə" cavab olaraq sanksiyaları ləğv etməyə hazırdırlar. Böyük Britaniya, Almaniya, İtaliya və Fransa liderləri Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ABŞ, İran və BAEA ilə əməkdaşlığı nəzərdən keçirdiklərini qeyd ediblər.
Qeyd edək ki, ABŞ, İran və vasitəçi Pakistanın rəsmiləri Vaşinqtonla Tehran arasında razılaşmanı təsdiqləyiblər. Sazişin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır. İran xarici işlər nazirinin müavini Kazem Qəribabadinin sözlərinə görə, tərəflər 60 günlük atəşkəs müddətində Tehranın nüvə proqramını və digər məsələləri müzakirə edəcəklər.











