Milli Məclisin Avronest Parlament Assambleyasında (Avronest) və digər Avropa dialoq platformalarında Azərbaycanın iştirakını yenidən nəzərdən keçirmək qərarına Brüsselin hələ də reaksiyası yoxdur. Çünki Brüssel fərqindədir ki, yaranmış vəziyyət, məsələn, təkcə Avropa Parlamentinin dağıdıcı mövqeyi ilə bağlı deyil, bu həm də illərlə davam edən etimadın azalmasının məntiqi nəticəsidir.
Yada salaq ki, Bakını qəzəbləndirən son damla Avropa Parlamentinin qərəzli şəkildə “Ermənistanda demokratik davamlılığın dəstəklənməsi” adlı qətnaməsi oldu. Azərbaycan əleyhinə narrativlərlə dolu bu sənəd Avropa institutlarının nəticədə birtərəfli təzyiq alətinə çevrildiyini açıq şəkildə nümayiş etdirdi. “Onilliklər ərzində Bakı Avropaya etibarlı strateji əməkdaşlıq təklif etsə də, bunun müqabilində müntəzəm olaraq siyasi şantaj və daxili işlərinə müdaxilə ilə üzləşib. Bu gün Cənubi Qafqazda güc balansının kəskin şəkildə dəyişdiyi bir vaxtda Avropa elitasının söhbəti ultimatum dilində davam etdirmək cəhdləri qaçılmaz nəticəyə gətirib çıxarıb: Bakı sərt və ədalətli cavab strategiyası seçib”. Ayna.az öz redaksiya məqaləsində belə yazır.
Prezident İlham Əliyev Brüsseldə irəli sürülən ittihamların qərəzliliyini və tamamilə əsassızlığını son olaraq Avropa Siyasi Birliyinin sammitindəki online çıxışında bildirib. Amma Avropa bürokratları sabitliyi təşviq etmək əvəzinə, regional qarşıdurmanın alovuna “kürəklə gedirlər”. Qeyd etmək lazımdır ki, Avropa Parlamenti rəhbərliyinin bu dağıdıcı xətti Avropa Parlamentinin öz daxilində dərin narazılığa və bölünməyə səbəb olub. May ayında keçirilən plenar dinləmələrin sonunda Avropa Parlamentində başlayan qızğın müzakirələr Brüsselin anti-Azərbaycan siyasətinin iflasını açıq şəkildə nümayiş etdirdi. “Avropa liderləri Bakını öz direktivlərinin itaətkar icraçısına çevirmək ümidi ilə ona siyasi təzyiqi artırmağa çalışdılar. Azərbaycan rəhbərliyinin sərt suveren mövqeyi bu illüziyanı tamamilə darmadağın etdi. Avropadakı real, praqmatik siyasətçilər bunu artıq dərk ediblər və ikitərəfli münasibətlərin gələcəyi indi yalnız Brüsselin müstəmləkə vərdişlərindən birdəfəlik imtina etmək və yeni geosiyasi reallıqları tanımaq qabiliyyətindən asılıdır”, - deyə təhlildə bildirilir.
Bəs Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? Düzəldəcəyi halda Azərbaycan tərəfinin cavabı necə olacaq?
Milli Məclisin deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, istənilən münasibət ikitərəfli olmalıdır, Azərbaycan Avropa Parlamenti ilə hər iki tərəfin maraqlarına cavab verən, ümumi məqsədlərə doğru birgə fəaliyyəti nəzərdə tutan münasibətlərin tərəfdarı olub: “Hətta Azərbaycan bununla bağlı xüsusi olaraq komissiya da yaratmışdı. Amma çox təəssüf ki, biz Avropa Parlamentindən bu münasibəti görmədik. Digər tərəfdən, son dövrlərdə Avropa Parlamentində Azərbaycanın daxili siyasətinə qarışacaq, Azərbaycanda demokratik göstəriciləri şübhə altın alacaq bəyanatlar səsləndirilirdi. Diplomatik kanallarla bu məsələlərə aydınlıq gətirmək istəyəndə isə suverenliyimizə hörmət edəcək cavablar ala bilmirdik. Azərbaycan Avropa Parlamentindən Azərbaycana qarşı olan münasibəti görərək münasibətləri dayandırmaq qərarına gəldi. Deməzdim ki, Azərbaycanın addımına reaksiya olmadı. Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin sammitində Avropa Parlamentinin sədri Azərbaycanın bu addımını, xüsusilə cənab Prezidentin ondan əvvəl bu məsələ ilə bağlı bildirdiyi münasibətə protokol xatirinə bir cavab verdi. Dünya mətbuatı həm Azərbaycan Prezidentinin, həm Avropa Parlamenti sədrinin cavablarını yaydı. Yəni dünya Azərbaycanın öz hüquqlarını qoruduğunun şahidi oldu. Dünya Azərbaycanın kimlərinsə onun daxili işlərinə qarışacağı, hər addımına göstərişi xarici paytaxtlardan alacağı variantına heç vaxt razılaşmayacağını gördü”.
Deputat vurğuladı ki, bundan sonra da həm digər dövlətlərlə, həm beynəlxalq təşkilatlarla münasibətlərimiz belə olacaq: “Əgər Avropa Parlamentindən Azərbaycana qarşı konstruktiv addımlar atılarsa, münasibətlər bərpa edilə bilər. Bu addımları nə zaman atsalar, biz də o zaman münasibətlərimizin bərpası məsələsinə baxarıq. Bundan sonra da biz bir tərəfdən hüquqlarımızın qorunmasında, digər tərəfdən xarici partnyorlarla yaxşı olmasında maraqlı olacağımızı göstəririk”.








