Xəbər verildiyi kimi, ABŞ dövlət katibi Marko Rubio mayın 26-da Ermənistana səfər edəcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan rəsmi məlumat yayıb.
Səfər çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Marko Rubio arasında ikitərəfli görüşün keçiriləcəyi gözlənilir. Danışıqlardan sonra tərəflərin mətbuat üçün bəyanatlarla çıxış edəcəyi bildirilir.
Badalyanın sözlərinə görə, İrəvanda keçiriləcək bu yüksək səviyyəli görüş zamanı ölkələr arasında kritik ikitərəfli sənədlərin imzalanması da planlaşdırılır.
Qeyd edək ki, bu ilin 9-10 fevral tarixlərində ABŞ vitse-prezidenti Cey Di Vens Ermənistana səfər etmişdi. Səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ vitse-prezidenti Cey Di Vens “Ermənistan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında nüvə enerjisinin sülh məqsədləri ilə istifadəsi sahəsində əməkdaşlıq sazişi üzrə danışıqların yekunlaşdırılmasına dair birgə bəyanat”ı imzalayıblar.
Mayın 4-ü və 5-də isə İrəvanda Avropa Siyasi Birliyinin 8-ci sammiti və tarixdə ilk dəfə Ermənistan-Aİ sammiti keçirilib. Avropa liderləri Ermənistan paytaxtına ölkədəki parlament seçkilərindən bir ay əvvəl və baş nazir Nikol Paşinyanın Moskvaya səfərindən bir ay sonra gəldilər. Sammitin yekununda tərəflər birgə bəyannamə imzaladı. Orada vurğulanır ki, sammit “son illərin mühüm nailiyyətlərini və tərəfdaşlığımızın strateji əhəmiyyətini” əks etdirir.
Səfər çərçivəsində Fransa prezidenti Emmanuel Makron Ermənistanla strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb.
Ermənistanın Qərbə üz tutması onsuz da Rusiyanın səbrini daşırıb. Bir-birinin ardınca Kremldən İrəvana xəbərdarlıqlar gəlir və Ermənistan məhsullarına sanksiya tətbiq olunur. Rusiya seçkilərə sayılı günlər qalmış Paşinyan hakimiyyətini gül, çaxır, Cermux suyu, kənd təsərrüfatı məhsulları ilə vurur və qazın qiyməti ilə hədələyir. Belə bir durumda ABŞ dövlət katibinin Ermənistana səfəri reaksiyasız qalmayacaq.
Nələr baş verə bilər? ABŞ rəsmisinin Ermənistana səfəri Paşinyanı xilas məqsədi daşıyır?
Sözsüz ki, ABŞ həm də Zəngəzur dəhlizi - Tramp marşrutu ilə bağlı razılaşmaların taleyinə görə narahatdır. Elə bir müddət öncə ABŞ-dən Zəngəzur dəhlizi ilə bağlı heyətin İrəvana səfər etməsi də bunu təsdiqləyir. Paşinyanın devrilməsi, revanşistlərin, Rusiyaya bağlı qüvvələrin hakimiyyəti ələ keçirməsi halında 8 avqust razılaşmalarının sual altına düşə biləcəyi ilə bağlı Ağ Evdə narahatlıqların olması da istisna deyil.
Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, Marko Rubionun Ermənistana səfərinin yeganə səbəbi 7 iyun parlament seçkisi öncəsində Vaşinqtonun baş nazir Nikol Paşinyana dəstəyinin ifadə edilməsidir:
“Rusiya Paşinyana təzyiqi artırır. Moskva açıq-aşkar Nikol Paşinyanın parlament seçkisində məğlubiyyətini, radikal müxalifətin isə hakimiyyətə gəlişini təmin etmək istəyir. Kreml bu məqsədlə Ermənistandan Rusiyaya ixrac olunan məhsulların girişinə qadağa qoyub. Bununla Ermənistanın iqtisadi vəziyyətinin ağırlaşmasını və Paşiyanın erməni cəmiyyətində mövqeyinin zəifləməsini istəyirlər”.
E.Şahinoğlu əmindir ki, Vaşinqton məhz Paşinyan üçün belə bir ağır durumda ona dəstəyi artırmağı qarşısına hədəf qoyub:
“Digər tərəfdən, Vaşinqton anlayır ki, radikal müxalifət Ermənistanda hakimiyyətə gələrsə, Moskvanın təlimatıyla “Tramp yolu”ndan imtina edəcək. Radikal müxalifət ötən ilin avqustunda Vaşinqtonda paraflanan sülh sazindən də imtina edəcək. Bu səbəbdən Vaşinqton fəallaşmağa qərar verib. Marko Rubionun Ermənistana səfəri və İrəvanda verəcəyi mesajlar erməni cəmiyyətini doğru qərar verməyə həvəsləndirməlidir”.








