Azərbaycanla AŞ PA arasında gərginliyə, ölkəmizin deputat qrupunun assambleyada mandatının təsdiq olunmamasına baxmayaraq, Rəsmi Bakı Avropa Şurası ilə əməkdaşlığı dayandırmaq niyyətində deyil. Məhz buna görə də Azərbaycan Avropa Şurasına üzvlük haqqını ödəməyə davam edir.
Bu barədə Gununsesi.info-ya diplomatik mənbələrdən daxil olan məlumatda deyilir.
Məlumata görə, Azərbaycan cari ildə Avropa Şurasına üzvlük üçün təxminən 1.5 milyon avro ödəniş edib.
Xatırladaq ki, Azərbaycanda insan hüquqlarının durumu səbəbindən AŞ PA ilə münasibətlər gərgin olsa da, hökumət Avropa Şurasının bir sıra strukturları ilə əməkdaşlığı davam etdirir.
XİN-nin mətbuat xidmətindən isə Gununsesi.info-nun sorğusuna “bu məsələni şərh etmirik” cavabı verilib.
Vəkil Cavad Cavadov isə saytımıza açıqlamasında deyib ki, Azərbaycanın Avropa Şurasına üzvlük haqqını ödəməsi müsbət haldır:
“Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanın AŞ PA-da yenidən təmsilçiliyi üçün qarşılıqlı addımlar atılmalıdır.Azərbaycan siyasi məhbuslardan bir qismini azad etməklə ilk addımı ata bilər. AŞ PA görsə ki, Azərbaycan ilk addımı atdı, o zaman Azərbaycan nümayəndə heyəti quruma dəvət edər. Təəssüf ki, hər iki tərəf öz mövqeyində qalır. Amma Azərbaycanın Avropa Şurasına üzvlük haqqını ödəməsi təqdirəlayiq addımdır. Bu fakt onu göstərir ki, Azərbaycan hökuməti Avropa Şurası ilə yollarını ayırmaqda maraqlı deyil”.








